Ukrayna böhranı uzun çəkəcək

ABŞ Rusiyanı maddi və mənəvi cəhətdən yormaq istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Donbassda görüşə dəvət edib. Zelenski bu təklifi “Telegramda” çıxışı zamanı səsləndirib. O bildirib ki, atəşkəsin bərpası Normandiya Dördlüyü və təhlükəsizlik alt qrupunun iclaslarında müzakirə edilib: "Orada vəziyyəti mümkün qədər dəqiq görmək və anlamaq üçün təmas xəttinə gəlmək təklifi də var idi. Hər ay ora gedirəm. Cənab Putin! Daha da irəli getməyə və sizi müharibə olan Ukrayna Donbassının hər yerində görüşməyə dəvət edirəm”. 

Mövzuya münasibət bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında qeyd edib ki, Ukrayna ilə Rusiya arasındakı gərginlik demək olar ki, özünün pik həddinə çatıb. A.Qasımov vurğulayıb ki, Rusiya Qara dənizə hərbi gəmilər gətirib, Kerç boğazını bağlayıb və Azov dənizində hərbi təlimlərə başlayıb:

"Ukraynanın Belarus, Rusiya sərhəddinə 100 mindən çox hərbi birliklər yığıb. Bu ilk növbədə onu göstərir ki, Rusiya bu qüvvə ilə öz hərbi gücünü hamıya göstərmək istəyir. Məsələ ondadır ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Zelenskini ciddi fiqur qəbul etmir. O, hesab edir ki, Ukraynanın arxasında Amerika dayanır və danışıqları da onlarla aparmaq lazımdır. Putinlə Baydenin görüşü deyildiyi kimi, razılaşdırılıb. Və tezliklə iqlim dəyişikliyi ilə əlaqəli konfrans da baş tutmalıdır. Bu baxımdan, hesab etmək olar ki, bu görüşün nəticəsi hadisələrin sonrakı gedişinə təsir edəcək".

 BAXCP sədrinin müşaviri əlavə edib ki, amma Putin-Zelenski görüşünün olacağına və Putinin bunu qəbul edəcəyinə ehtimal vermir:

"Məsələ çox mürəkkəbdir və arxa planda olan qüvvələrin prosesləri hansı istiqamətə yönəltmək istəyi burda böyük rol oynayacaq. Amerikanın Rusiya ilə Ukrayna məsələsinə görə qarşı-qarşıya gəlmək istəyi yoxdur. Amerika Rusiyanı maddi və mənəvi baxımdan yormaq istəyir.

Amerika dünyada oynadığı supergüc roluna görə dünyada baş verən bu kimi böhranlarda özünü problemlərin həllində həlledici rol oynamaqda vəzifəli hesab edir.

Odur ki, burda da çalışır ki, Rusiyanı cilovlasın. Hesab etmək olar ki, bu gərginlik hələ bir müddət də qalacaq. Burdakı hadisələrin gedişindəki senarilər müxtəlifdir. Lakin tək nəticənin eyni olacağı mütləqdir. Müharibə olacağı təqdirdə nə Rusiya, nə Ukrayna, nə də dünya bundan qazanacaq. Xüsusən də, region ölkələri üçün dağıdıcı nəticələrə səbəb olacaq.

Ümid edirik ki, hadisələr mənfi istiqamətə getməyəcək, rus və ukrayna xalqları arasında bu mübarizədə ağıl qalib gələcək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu