Ora son qazanc yeri kimi baxanlar var

Daş karxanaları qanunla fəaliyyət göstərsə büdcəyə də xeyri olar


Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsindəki daş karxanasının fəaliyyəti dayandırılacaq. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Ekspert saatı"nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki, karxananın fəaliyyəti dayandırılacağı vaxt müəyyən edilməyib: "Daş karxanasında irəli sürə biləcəyimiz tələblər mütərəqqi texnologiyadan, avadanlıqlardan istifadə etməklə tozun qarşısını almaq, minimum tullantıya nail olmaqdır. Daş karxanası bu gün də sənaye zonası kimi sahibkarlar tərəfindən istismar olunur.

Düşünürəm ki, mövcud olan ehtiyatlar tükənmək üzrədir, eyni zamanda ətraf ərazilərdə yaşayış massivləri getdikcə çoxalır. Şəhərsalma, şəhərin baş planı baxımından müvafiq qurumlar bunları nəzərə alırlar və alacaqlar".

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev deyib ki, daş karxanaların bağlanmasındansa, işlənməsi daha effektlidir. Ekspert düşünür ki, karxanaların bağlanması heç də düzgün addım deyil:

"Nəzərə alaq ki, burada fəaliyyət göstərənlərin əksəriyyəti vergidən yayınır. Bu baxımdan dövlət büdcəsi üçün karxanalar effektli deyil. Bura yalnız qul əməyi baxımından effektli ola bilər. Həmçinin qeyd edim ki, burada sanitar-gigiyena qaydalarına elə də ciddi riayət olunmur. Diqqət yetirsək, bu hala bir çox daş karxanalarında rast gəlmək mümkündür. Qeyd edim ki, həyatından bezib son qazancını orada görən əksər insanlar karxanada işləməyə məcburdur. Yəni burada işləyənlər bütün riskləri göz önünə alır. Hesab edirəm ki, karxanalar qanun çərçivəsində işləyərsə, o zaman dövlətimiz üçün effektivliyi böyük olar".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu