Rus sülhməramlıları öz missiyalarını şübhə altına alır

Analitik bildirib ki, dünyanın heç bir yerində sülhməramlılar parad keçirmir

"9 may paradına hazırlıq da gündəmi dəyişmək cəhdidir"


“Qarabağdakı sülhməramlıların 9 may - qələbə paradına hazırlığı Kremlin yeni gündəm dəyişmək oyunudur!”.

Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Analitik bildirib ki, dünyanın heç bir yerində sülhməramlılar parad keçirmir: “Qələbə günü keçmiş sovet xalqlarının ümumi bayramı sayılır. Amma bu, sülhməramlılara müvəqqəti olaraq onların səlahiyyətində olan Azərbaycan torpaqlarında hərbi parad keçirmə haqqını tanımır.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti başa düşməlidir ki, onlar burada əbədi qalmayacaq. 10 noyabr bəyanatının müvafiq bəndində onların səlahiyyətləri də, səlahiyyət zonaları da, xidmət müddətləri də açıq şəkildə göstərilib.

Göstərilənlər xaricində nələrinsə edilməsi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk növbədə sülhməramlı missiyasını şübhə altına salır. Əgər Rusiya Xankəndini Azərbaycanın yurisdiksiyasında görürsə, parada azərbaycanlı rəsmilər və hərbçilər də dəvət edilməlidir. Digər tərəfdən paradla bağlı rəsmi Bakının razılığı alınmalı, ehtimal təxribat cəhdlərinin qarşısını almaq öhdəliyi götürülməlidir”. 

Ekspert vurğulayıb ki, Rusiyanın hazırda Qarabağda parad keçirməkdən daha önəmli işləri var:

“Məsələn, “İsgəndər-M” raketi məsələsinə Kreml hələ də aydınlıq gətirməyib. Prezident neçənci dəfədir, Moskvaya “İsgəndər-M” raketləri ilə bağlı suallar ünvanlayır. Kreml isə sadəcə susur. Xatırlayırsızsa, 44 günlük müharibə zamanı yanlışlıqla Rusiya helikopteri vurulandan dərhal sonra Azərbaycan rəsmi Moskvadan üzr istədi. Rusiya tərəfi indiki halda nəinki üzr istəyir, heç məsələyə rəsmi münasibət də bildirmir. Bunun əvəzində gündəmi dəyişmək cəhdləri edilir. 9 may paradına hazırlıq da gündəmi dəyişmək cəhdidir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu