Fransalı hüquqşünaslar Ağdamda gördüklərindən dəhşətə gəldilər

Fransalı hüquqşünaslar Ağdam rayonuna səfər edib.

APA-nın məlumatına görə, fransalı hüquqşünas Yassine Yakouti bildirib ki, tarixi abidələrin vandalizmə məruz qaldığını gözləri ilə görüblər:

“Biz bura gəldik və görürük ki, həqiqətən Azərbaycan torpaqlarında nələr baş verib. Yaxşı ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas odur ki, beynəlxalq hüquq həmişə bərqərar olsun”.

O, BMT və ATƏT-in Minsk Qrupunun prosesdə iştirakının vacibliyini diqqətə çatdırıb: 
“Göstərmək vacibdir ki, bu, çox mürəkkəb məsələdir və iki tərəf arasında həll oluna bilməz. Hər kəsə xatırlatmaq vacibdir ki, sülhə qanuni vasitələrlə nail olunmalıdır.

Bir zamanlar böyük bir şəhərin belə dağıdılmasını görmək dəhşətlidir. Biz çox dağıntılar gördük burada, məsələn, bu məscidin deqredasiyası... Bütün bunlar çox üzücüdür. Bu şəhər heç Dağlıq Qarabağın bir hissəsi olmayıb, lakin Ermənistan qüvvələri tərəfindən ilhaq edilib. Bütün bunlar ağırdır. Bildiyiniz kimi, bu məsələlər hüquqi yanaşma tələb edir.  Azərbaycanın sərhədlərinə hörmət olunmalıdır”.

Digər fransalı hüquqşünas, xanım Elise Arfinin sözlərinə görə, burda olmaqları çox vacibdir:

“Azərbaycanın Fransadakı səfirliyi bu müharibənin reallığını və dağıntının həcmini göstərmişdi. Bizim bura səfərimizin məqsədi həm də rəsmi fikirləri, mövqeni öyrənməkdir. Ümid edirik ki, səfərimiz həm də azərbaycanlılar üçün səmərəli olacaq”.

O, Fransanın aparıcı ölkə kimi neytral olmasının, bir tərəfi məmnun etmək yerinə, hər iki tərəfin mövqeyinə baxmasının vacibliyini bildirib:

“Fransa da bu müharibənin reallığını görməlidir. Burada gördüklərimiz çox üzücüdür, bu dağıntıları görmək çox ağırdır. Düşünəndə ki, bu şəhərdə, burada insanlar yaşayıb və bu müharibə onlara nələr edib, çox ağırdır”.

Xanım hüquqşünas qeyd edib ki, bunları öz gözü ilə görmək çox vacib məqamdır: “Biz bunların hamısını öz gözümüzlə görürürük və ola bilsin ki, Fransada formalaşmış rəyə biz hansısa töhfə verə bilərik. Mənim fikrimcə, avropalılar bizim kimi buralara gəlməli, hər şeyi öz gözləri ilə görməli və başa düşməlidir ki, əslində, vəziyyət nə yerdədir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu