Akar Ermənistana düzgün yolu göstərdi: “Revanşist mövqedən çəkinin”

Türkiyənin Müdafiə naziri Hulusi Akar Qarabağdakı son durumla bağlı ABŞ mediasına açıqlama verib. O, “Realcleardefense.com” saytına müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh məsələsinin əhəmiyyətindən bəhs edib.
“Ermənistan və Azərbaycan arasında keçən il elan edilmiş atəşkəs yeni səhifə üçün əhəmiyyətli fürsət yaradır. Yalnız Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün də təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsətini əldən vermək olmaz”.

H.Akar qeyd edib ki, bəlkə də, Ermənistan liderləri Türkiyənin Ermənistana göndərdiyi mesajları dinləyib sülhə köklənsələr, bütün bölgə üçün siyasi və iqtisadi faydaları ən yüksək səviyyədə olacaq.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Sherg.az"a açıqlamasında H.Akarın reallığı çox gözəl bildiyini vurğulayıb:
"O, Müdafiə naziri olsa da, məsələlərin güc yolu ilə həllini istəmir. Bu baxımdan Ermənistan üçün optimal və düzgün yolu göstərir. Türkiyə rəsmi İrəvana deyir ki, onların çıxış yolu Azərbaycan və Türkiyə ilə qarşıdurmaya getmək, hərbi ritorika və revanşist mövqelərdən çıxış etmək yox, regionun düzgün və sərfəli əməkdaşlıq mühitinə qayıtmaqdır. Ermənistan rəhbərliyinin inkişaf edib, əhalisinin normal şəkildə yaşaması üçün başqa yolu yoxdur”.



A.Nağı qeyd edib ki,  türkiyəli nazir ermənilərə düzgün yolu göstərir. Lakin bunu dərk etsələr də, onların bir bədbəxtliyi var:

“Başqalarının əlində alətə çevriliblər və öz maraqlarına uyğun yox, xaricdəki hansısa mərkəzlərin istəyinə görə hərəkət edirlər. Ona görə də Azərbaycana qarşı yanlış mövqedədirlər. Bir sözlə, mənasız iddialarından geri çəkilmirlər.

Böyük ehtimalla, Ermənistan yaxın 100 ildə bu xəstəlikdən xilas ola bilməyəcək və itirə-itirə gedəcək. Zamanla mövqeləri zəifləyəcək və dövlət kimi regionda tam iflasa uğrayacaq.

Hər kəsə bəllidir ki, Ermənistan dövləti Azərbaycan və Türkiyənin icazəsi ilə yaranıb. 1918-ci ildə Türkiyə və Azərbaycandan razılıq istədilər ki, “Ermənistan”adlı dövlətin yaranmasına icazə versinlər. İndi bu iki dövlətlə yola getməsə, məhz onların səyi nəticəsində yox olacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu