DİM-dən ittihamlara cavab: "Məleykə Abbaszadə..."

“...Riyaziyyat və informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisdir”


 “Məleykə Abbaszadə  riyaziyyat və informasiya texnologiyaları sahəsi üzrə...”
“DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  riyaziyyat və informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisdir”.
Bu sözləri DİM-in mətbuat xidmətinin rəisi Xanlar Xanlarzadə “Sherg.az”a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlunun sözügedən qurumla bağlı iddialarına cavab verərkən deyib. 

“Unutmaq lazım deyil ki, I qrupa aid ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlər riyaziyyat və fizika fənləri üzrə də imtahan verirlər. I ixtisas qrupu üzrə qəbul imtahanlarında informasiya texnologiyalarına aid biliklərin də yoxlanılması üçün bütün ölkə üzrə orta ümumtəhsil müəssisələrinin texniki təminatı, o cümlədən internet, kompüter və s. arzuedilən səviyyədə olmalıdır.

Tədris prosesi zamanı şagirdlər lazımi səviyyədə bilik və bacarıqlara yiyələnməlidirlər ki, imtahanda onların qiymətləndirilməsi həyata keçirilsin. İnformatika fənnini digərlərindən fərqli olaraq  kompüter arxasında öyrənmək lazımdır.

Bu fənni yalnız nəzəri cəhətdən,  hansısa bir vəsaiti oxumaqla mənimsəmək mümkün deyil. Qeyd olunan məsələlər tam həll olunduqdan sonra DİM təbii ki, İT ixtisaslara qəbulda informatika üzrə bilikləri də yoxlayacaq”- deyə, Xanlar Xanlarzadə əlavə edib. 

 Xatırladaq ki, bu günlərdə N. Qulamoğlu “İnformatika müəllimliyi” ixtisası üzrə informatikadan yox, kimyadan imtahan verilməsi ilə bağlı bunları demişdi:

“Doğrudur, fənlər arasında daxili əlaqə, qruplaşma var. Lakin mən son vaxtlar kimya fənninin irəli çəkilməsini başa düşə bilmirəm. Fikrimcə, bu, DİM-dən qaynaqlanır. Bəlkə də, yanılıram. Bu, mənim intuitiv fikrimdir. Bildiyimə görə, M. Abbaszadə kimyaçıdır. Ola bilər ki, həmin fənnin  irəli çəkilməsi bununla bağlıdır.

Hərçənd kimya ölkəmizdə o qədər də inkişaf etməyib və informatika müəlliminin hazırlanması üçün bu fənnin tədrisi kifayət deyil. Odur ki, yanaşma səhvdir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu