"Şərtlər pozularsa, anti-terror əməliyyatları davam etməlidir”

“Müxqavilə ilə vaxt itirmək lazım deyil”

“Şərtlərin yerinə yetirilməməsini səbəb gətirərək əməliyyatları tamamlamaq lazımdır”

“Həm də, bu səbəb Azərbaycan tərəfdən haqlı səbəb olacaqdır”


“Paşinyan Zəngəzurda çıxışında deyib ki, heç bir dəhliz verməyəcəyik. Bu çıxış Azərbaycanın 10 noyabr razılaşmasından çıxması üçün kifayətdir. Rəsmi Bakı Paşinyanın çıxışına operativ şəkildə rəsmi mövqe bildirməlidir. Bundan sonra bütün yollar Xankəndiyə getməlidir...”.
Bu sözləri AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib. 



 Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a açıqlamasında səslənən fikirlərə münasibət bildirdi: 

“Paşinyanın sərsəm bəyanatları nə ilkdir, nə son olacaq. Ümumiyyətlə, Azərbaycan əleyhinə bütün mümkün radikal fikirlərlə gündəmə gəlmək Ermənistan siyasi elitası üçün bir adətdir. Bilirsiniz, siyasilərin dilindən bunu eşitmək gözləniləndir. Çünki Ermənistanda dövlətdən, siyasətdən çox, xalq özü şovinistdir və siyasilərin fikirləri də buna hesablanır.

Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin fikirlərinə gəlincə, bu, Ermənistanın daxili məsələsi deyil. Beynəlxalq səviyyədə həll olunacaq məsələdir. Burada bəlli razılaşma var və kimsə ondan bir addım kənara çıxa bilməz. Ancaq razıyam ki, Azərbaycan bu müqaviləni etibarlı tərəflərlə bağlamayıb.

Nə Rusiya, nə Ermənistan hüquq və beynəlxalq sistemin təməl prinsiplərinə riayət edib. Məsələn, Ermənistan BMT-nin dörd qətnaməsini yerinə yetirmədi, Rusiya isə ən yaxın tarixdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Gürcüstan və Ukraynada separatizm ocaqlarının təşkilatçısı, daha sonra o ərazilərin işğalçısı oldu”.

H.Səhrablı indiki şəraidə ən ideal yolu da göstərdi:

“Siyasət bəzən hüquqla deyil, güclə həyata keçirilir. Belə olan halda, siyasi yanaşmada hüquqdan çox, mövcud reallığı nəzərə almaq lazımdır. Azərbaycanın şimal və cənubunda dünyanın ən güclü iki ölkəsi var və onlar Ermənistana bəzən gizli, bəzən açıq havadarlıq edirlər.

Üstəgəl, Azərbaycan 10 Noyabr bəyanatını imzalayarkən masada şimal qonşusu və münaqişə tərəfi vardı. Bu günləri əvvəldən görmək lazım idi. Bu gün mövcud reallıqla müqavilədən çəkilmək qeyri-mümkün görünür.

Məsələni beynəlxalq sistemə, beynəlxalq məhkəmələrə daşıyaraq, müqavilə şərtlərini pozan tərəflərə qarşı ciddi beynəlxalq təzyiqlər yaratmaq olar. Bu, Azərbaycanın suveren hüququdur.

Belə olan halda da tərəflər müqavilədə nəzərdə tutulan və birbaşa Azərbaycanın suveren hüquqlarına zidd addımlar atmağa davam edərsə, o halda anti-terror əməliyyatlarına qaldığı yerdən başlamaq üçün sonuncu əngəl - 10 Noyabr bəyanatı da qüvvəsini itirmiş olar.

Ancaq dediyim kimi, müqavilə ilə vaxt itirmək lazım deyil, müqavilədəki bütün şərtlər Azərbaycanın xeyrinədir.

Ondansa, şərtlərin yerinə yetirilməməsini səbəb gətirərək əməliyyatları tamamlamaq lazımdır. Həm də, bu səbəb Azərbaycan tərəfdən haqlı səbəb olacaqdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu