İrəvan yaxşı anlayır:“...Kommunikasiyaları alçaldıcı şərtlərlə açmalı olacaq”

“Azərbaycanın verdiyi bəyanatlara Ermənistan qorxaq reaksiya verir”


Ermənistan tərəfi Azərbaycan sərhədində təxribat törədərək, rusiyalı hərbçilərə atəş açıblar. Hadisə dünən Baş naziri Nikol Paşinyanın Zəngəzur vilayətinə məlum səfərindən sonra baş verib. Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər. Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib.



Mövcud durumu “Sherg.az”a şərh edən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu baş verənlərin yeni savaşa səbəb olacağını düşünmür:

“Rusiyalı sərhədçilər Azərbaycanlı həmkarlarına təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildiriblər. Məsələ ondadır ki, yeni savaşda Paşinyan da maraqlı deyil. Yalnız ona görə yox ki, o, növbəti dəfə məğlub olacağını anlayır. Baş nazir növbədənkənar seçkilər ərəfəsində heç kəslə qarşıdurmaya getməyə can atmır. Paşinyan tələsmir və seçkidə qalib gəlmək istəyir”.

Analitikin sözlərinə görə, Ermənistanda revanşist qüvvələr də mövcuddur, tək Paşinyan deyil, hətta Rusiya hökuməti də revanş arzusunda olan erməni əhalisinin rəyi ilə hesablaşmağa məcbur olur:

“Digər tərəfdən, imzaladığı bəyannaməyə görə Ermənistan kommunikasiyaları açmalıdır. Lakin Paşinyan bilir ki, Zəngəzur dəhlizinin açılması İrəvanı sıxışdıra bilər. Onu da unutmaq olmaz ki, Rusiya üçün ciddi geosiyasi əhəmiyyət daşıyan böyük regional layihənin ləngiməsinin səbəbkarı yenidən Ermənistandır və Kreml Paşinyanı tələsdirir. İrəvan anlayır ki, yeni savaş baş verərsə, kommunikasiyaları daha alçaldıcı şərtlərlə açmalı olacaq. Azərbaycan Ermənistanı hərbi güc vasitəsilə bu dəhlizi açmağa necə məcbur edə bilər və atəşkəsin pozulması da bunu nümayiş etdirir. Rusiyanın buna imkan yaradacağı halda isə İrəvan tam məğlub ola bilər. Lakin genişmiqyaslı hərbi əməliyyat həyata keçirilməsi müəyyən risklər də yaradır.

Azərbaycanın verdiyi bəyanatlara Ermənistan qorxaq reaksiya verir və belə təəssürat yaranır ki, erməniləri təxribata çəkmək elə də çətin deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu