Rusiyaya qarşı “ofsayt” siyasəti:“Dünyadan təcrid edilir"

Rusiyanın xarici və daxili siyasətinin çox gərgin olduğu, az qala, hər kəsə məlumdur. Mövcud situasiyanı görmək və qiymətləndirmək üçün heç də politoloq olmağa ehtiyac yoxdur. Mənzərə aydındır: Kreml özünü eyni ilə ayı kimi aparır və dominant mövqeyindən əl çəkmir. Elə bilir ki, qütbün ağası məhz özüdür. Və nəyi necə istəyirsə, elə də olmalıdır. Üstəgəl daxildə də narazılıq artmaqdadır. Müxalifət lideri Navalnının tərəfdarları artdıqca mövcud iqtidar “qalstukunu bir az da boşaltmalı olur”. Görünür, hakimiyyət “Nə tökərsən aşına, o da çıxar qaşığına” atalar misalının təsdiqini gec də olsa tapmalı olacaq.

 Siyasi analitik Samir Hümbətov rəsmi Moskvanın apardığı diplomatiyaya uyğun yaxın gələcək barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

- Rusiyanın əsas rəqibi olan ABŞ-la münasibətlərin inkişafını necə dəyərləndirirsiniz?

- Bayden hələ hakimiyyətə gəlməzdən əvvəl demişdi ki, “məşğul olacağı” əsas dövlət Rusiya olacaq. Elə də oldu. İndi Rusiya ABŞ üçün İrandan da əvvələ keçib. Hərçənd, əvvəllər əksinə idi. Əlbəttə, rəsmi Vaşinqton yaxşı bilir ki, müharibəyə başlamaq məqsədəuyğun deyil. Ona görə də başqa vasitələrdən istifadə edir.

- Hansı vasitələrdən? 

- Birincisi, Navalnı kimi müxalifət nümayəndələri vasitəsilə daxili çaxnaşma yaradır. İkincisi, Avropadakı tərəfdaşları vasitəsilə Rusiyaya qarşı beynəlxalq təcrid siyasəti yeridir. Və üçüncüsü, iqtisadi faktorlar istifadə edir. Məsələn, Kremli beynəlxalq ödəniş sistemindən çıxarır. Üstəgəl, iqtisadi sanksiyalar tətbiq edir. Beləliklə, Rusiya İranın vəziyyətinə düşür. Sadəcə Rusiyadan fərqli olaraq, İran daxili istehsalı hesabına bu təzyiqlərə müqavimət göstərə bilir. Şimal qonşumuzun iqtisadiyyatı isə ancaq neft- qaz və silah satışı üzərində qurulduğuna görə durumu daha gərgindir.

- Elə isə Rusiyanın gələcəyi necə olacaq?

- Bütün bunlar daxildə parçalanma yaradır. Ümumiyyətlə, Qərb beynəlxalq təcrid yolu ilə Rusiyanı çökdürmək istəyər. Bunun nə vaxt olacağını dəqiq demək çətindir. Lakin indiki siyasətini davam etdirsə, gələcəkdə rəsmi Moskvanın işi qat-qat çətin olacaq. Həm iqtisadi, həm də siyasi gərginlik yaradacaq. Beynəlxalq siyasəti Kremlin işini daha da çətinləşdirir.

- Niyə belə düşünürsünüz?

- Rusiya parlaq gələcəyini təmin etmək üçün Qərblə “dil tapmalıdır”. Təkcə Çinlə, Türkiyə ilə iş birliyi kifayət deyil. Hərçənd Türkiyə ilə Rusiya arasında ciddi rəqabət var. Qarşılıqlı iqtisadi layihələrə, ticarət dövriyyəsinə rəğmən, rəsmi Ankara Rusiyanı Qarabağdan çıxarmaq niyyətindədir. Moskva isə, əksinə, torpaqlarımızdakı mövcudluğunu qorumaq istəyir. Beləliklə, Qərbin təzyiqlərindən də istifadə edib qarşıdakı beş ilədək Rusiyanı Qarabağdan çıxarmağı planlayır və bunun üçün əlverişli vaxtı gözləyir. Üstəgəl, Hindistanla münasibətlər də o qədər yaxşı deyil. Çünki Rusiya-Çin- Pakistan əməkdaşlığı Dehlini narahat edir. Nəticədə bu dövlət Qərblə yaxınlaşmağı üstün tutur. Dediyim kimi, Rusiyaya qarşı “ofsayt” siyasəti yeridilir və məqsəd onu dünyadan təcrid etməkdir.

- Belə iddialar var ki, Navalnı hakimiyyətin nəzarəti altında fəaliyyət göstərir. Sizin həmin fikrə münasibətiniz necədir?

- Belə olsa idi, iqtidar Navalnının Almaniyaya getməsinə icazə verməzdi. Bilirsiniz ki, bundan əvvəl müxalifət nümayəndələrindən birinə qarşı sui-qəsd təşkil edildi. Ümumiyyətlə, Putin etirazçıları əvvəlcə öz tərəfinə çəkməyə çalışır. Bunu bacarmayanda isə onları ya öldürtdürür, ya da lazımi məqamı gözləyir. Navalnıya qarşı bir dəfə sui-qəsd təşkil edilsə də, nəticəsiz qaldı. İndi isə o, artıq Rusiyanın deyil, Qərbin nəzarətindədir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu