Gecikmək olmaz! "Dinin tədrisi vacib məsələdir”

Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir. Milli Məclisin ötən dəfə keçirilən iclasında bu məsələ yenidən gündəmə gəlib. Deputat Etibar Əliyev bildirib ki, ölkəmizin orta məktəblərində dinin tədris olunması üçün müzakirə aparılır. Deputat vurğulayıb ki, din İngiltərədə dövlət məktəblərində seçməli dərsdir: “Təhsil sistemi güclü olan Finlandiyada isə din dərsi məcburidir. Türkiyədə din dərsi dövlət və özəl məktəblərdə keçirilir. Ölkədə daha çox dominant din olan islam dini ilə bağlı məlumatlar verilir. Ölkəmizdə bu sahədə ciddi boşluqlar mövcuddur. Bölgələrdə dini düşüncələr yalnız erkən nikah, məktəblərdən uşaqların alınması şəklindədir. Ciddi mütəxəssislər tərəfindən “Dinlər tarixi və ixlas bilgisi” adlı kitab hazırlamaq lazımdır. Əks təqdirdə bu boşluq daha da genişlənəcək və gənclərimiz zərərli dini düşüncələrə gedəcəklər”.


Deputat Ceyhun Məmmədov da orta məktəblərdə şagirdlərə dini təhsil verilməsini dəstəkləyib. O qeyd edib ki, ekstremizm və radikallıqla səmərəli mübarizə üçün güclü dövlətin olması vacib şərtdir. Bu açıqlamalar orta məktəblərdə din dərslərinin tədrisinin hansı sinifdən başlanacağı və hansı formada tədris olunacağı ilə bağlı suallar yaradıb.

İlahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında vurğulayıb ki, din alimləri uzun illərdir orta məktəblərdə dinin tədris edilməsini təklif edirlər. Ekspert bununla bağlı dəfələrlə proqram hazırlandığını da deyib: 

“Bu çox vacibdir. Avropa ölkələrində belə islam dini haqqında məlumat verilirsə, Azərbaycanda bunun hələ olmaması təəccüblüdür. Kommunist təfəkkürdə olanlar buna qarşı çıxırlar. Heç kəs demir ki, orta məktəblərdə şagirdlər dinə təşviq edilsin, din hansısa formada təbliğ olunsun. Sadəcə deyirik ki, islam dini ilə bağlı təməl bilgilər verilsin. Uşaqlarımız ata-baba dinləri haqda məlumata sahib olsunlar. Dinlərə inam hər bir insanda fitri ehtiyacdır. Bu reallığı qəbul etmək lazımdır. Əgər biz uşaq və yeniyetmələrdə həmin ehtiyacı boş buraxsaq, o boşluğun yerini xurafat, radikal inanclar dolduracaq”.

T.İrfan qeyd edib ki, əslində dini radikalizmin, xurafatın əsl səbəblərindən biri vaxtında uşaqların din haqda maarifləndirilməməsidir: 

“Dinlərin təməl bilgilərinin orta məktəblərdə tədrisi çox gecikib. Artıq beyinlər zəhərlənib, xeyli adam əqidəsini azıb. Gənclərimiz zay olub. Ona görə də daha artıq gecikmədən bunu həyata keçirmək vacibdir. Əgər din orta məktəblərdə tədris olunarsa, gənclər biləcəklər ki, həqiqi din nədir və bu dində nə var, nə yox. O zaman xurafatın nə olduğunu da biləcəklər. Tədris proqramı hazırlanarkən xarici dini meyillərə yer verilsə, iş ağır olacaq. Odur ki, sadəcə, qardaş Türkiyə üsulundan istifadə edilməlidir. Çünki dinimiz də, dilimiz kimi eyni olan qardaş Türkiyənin bu sahədə min illik təcrübəsi var”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu