Aprel işğalına dair gizlinlər:”Rəsulzadə parlamentdə dedi ki...”

“Düşmənlər istilaçı qüvvələrdir”

“Hər il 28 apreli xatırlamaqla tarixi yaddaşımızı da diri saxlayırıq”

“İndi məsələni beynəlxalq hüquq müstəvisində gündəmə gətirmək haqqımız var”


28 aprel Azərbaycan tarixinə qara hərflərlə yazılmış günlərdəndir. Belə ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) heç iki il yaşamamış süquta uğradı. Beləliklə, təxminən 70 il müddətində Azərbayan istila altında qaldı, öz taleyini özü yaza bilmədi...

 Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova 28 aprel işğalı barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Azərbaycan de-fakto tanınmazdan əz əvvəl Sovet hökuməti Denikinə qarşı birgə mübarizə üçün AXC-yə nota verdi. Bu, bir neçə dəfə təkrarlandı. Həmin çağırışların hər biri amiranə üslubda idi.


Belə ki, bəyanatların məzmunu Azərbaycanın daxili işinə qarışmaq və xarici siyasətinə müdaxilə cəhdi idi. Sovet hökuməti nəinki AXC-ni tanıyıb, diplomatik əlaqələr qurdu, hətta öz ərazisinin bir hissəsi kimi yanaşdı.

1919-cu ildə Denikin üzərində qələbədən sonra bolşeviklərin Cənubi Qafqazla bağlı diplomatik siyasəti gücləndi. Həmçinin Rusiyanın hərbi qüvvələri cənub istiqamətində irəliləməyə başladı. Əsas məqsəd isə Azərbaycan neftini ələ keçirmək idi”.

F.Əhmədova AXC-nin süqutunu şərtləndirən amilləri də sadaladı: 

“Birincisi, Azərbaycanı de-fakto tanıyan beynəlxalq güclər, o cümlədən dünya müharibəsinin qalibləri, yəni “Antanta” bolşeviklərə qarşı mübarizədə Azərbaycana kömək etmədi. Biz o vaxtkı şərtlərə uyğun olaraq qardaş Türkiyənin də dəstəyindən məhrum idik. Habelə, ermənilərin Qarabağda başlatdıqları üsyan vəziyyəti daha da çətinləşdirirdi.

Beləliklə, Məhəmməd Əmin Rəsulzadə aprelin 27-də parlamentdəki çıxışında düşmənlərin istilaçı qüvvə olduğunu dedi. Yalama stansiyasında işğalçılara kiçik müqavimət göstərilsə də, qan tökülməsinin qarşısının alınması məqsədilə hakimiyyət bolşeviklərə təhvil verildi.

Amma ayrı-ayrı yerlərdə, o cümlədən Qarabağda, Gəncədə xalq üsyanlar edirdi. Həmin etirazlar qanla yatırılırdı. AXC iki illik fəaliyyətinə rəğmən, siyasi mühacirətdə Azərbaycan istiqlalı uğunda ciddi mübarizə apardı.

Biz hər il 28 apreli xatırlamaqla tarixi yaddaşımızı da diri saxlayırıq. İndi məsələni beynəlxalq hüquq müstəvisində gündəmə gətirmək haqqımız var”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu