“Televiziyalarımızı saqqallı aparıcılar “işğal edib”” – Qınaq haqlıdırmı?

Amalya Qasımova:“Dedim, a bala, bu nə görkəmdir? Elə bildim İŞİD üzvüsən!”

Zeynal Məmmədli:”Aparıcının saqqallı və ya saqqalsız olması onun şəxsi işidir”


Araşdırmaçı-jurnalist Amalya Qasımova Feysbuk hesabında maraqlı bir məsələyə toxunub. O, statusunda qeyd edib ki, televiziyalarımızı saqqallı aparıcılar işğal edib:“Hətta saçlarını da uzadıb arxada düyünləyiblər. Bəziləri muncuq, zəncir də taxır. Beləmi olmalıdır? Dönün digər ölkələrin TV-lərinə baxın. Hamısı təraş olunmuş, səliqəli...



O gün liftə bir gənc daxil oldu. Simasından qorxdum. Dedim:
- A bala, bu nə görkəmdir? Elə bildim İŞİD üzvüsən! Dedi : -Bibi, hamısı tənbəllikdədir.
Əzizlərim,TV-lər iş yeridir. Bü işin yolçususansa, şəxsi imicin olmamalıdır. Səliqəli olmağa məhkumsan. Buna bir əncam çəkilməlidir. İstəyirəm yazam ki, Radio və Televiziya Şurası hara baxır? Amma, deyəsən, MRTŞ heç hara baxmır?!”.
Bəzi aparıcıların saqqal saxlamağı və qeyri-adi stildə efirə çıxmasında məqsəd müxtəlif ola bilər. İzləyicilərin, xüsusilə gənc tamaşaçıların diqqətini cəlb etmək, ya da aparıcının şəxsi imicinin belə olması.



Mövzu barədə “Sherg.az”a danışan tanınmış media eksperti Zeynal Məmmədlinin fikrincə, hansısa aparıcıdan saqqalını qırxdırmağı və ya saqqal saxlatdırmağı tələb etmək onun özünüifadəsinə müdaxilə və qəsd sayıla bilər:

“Aparıcının başqa və daha önəmli peşə özəlliklərindən yox, məhz görünüş baxımından arzuolunmaz özəlliklərdən söhbət gedirsə, adətən, bunlar ön palana çıxır: Sadəlik sərhədlərini aşan və cinsi mənsubiyyəti qabardan geyim, aşırı diqqət oyadan saç biçimi və makiyaj, diqqət çəkən üzük, qolbaq, boyunbağı, sırğa və saat taxmaq, pozuq və gözəçarpan diş düzümü və. s. Bu baxımdan aparıcının saqqallı və ya saqqalsız olması (söhbət jurnalist verilişlərindən gedir) onun şəxsi işidir. 
Əsas məsələ ictimai önəmli mövzu, doğru-dürüst və peşəkar yanaşma, parlaq və başqalarından fərqləndirib tanıtdıracaq dərəcədə aparıcılıq keyfiyyətidir. Bunlar yoxsa, təbii ki, saqqal və ya muncuqlar diqqət çəkib qıcıqlandıracaq”.

 


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu