Gələcək birincilərdən başlayır

İbtidai sinfə qəbulla bağlı bütün əngəllər aradan qaldırılmalıdır

Valideynlər uşaqlarının orta məktəb seçimində sərbəstdirlər


Birinci siniflərə qəbul prosesinə start verilib. Proses sentyabrın 14-dək davam edəcək. Prosesə böyük maraq və diqqət var. Bu da əbəs deyil. Çünki təhsil Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Hər il dövlət büdcəsindən təhsil sahəsinə milyardlarla pul ayrılır. 2021-ci il üçünsə dövlət büdcəsindən təhsilə 3 milyard 277 milyon vəsait ayrılıb. Dövlət bu vəsaiti ona görə ayırır ki, əhali savadlansın, elmə, biliyə yiyələnsin, Azərbaycan savadlı, bilikli vətəndaşlara malik olsun. Biliklərə yiyələnmə isə məktəbdən – uşaqlardan başlanır. Belə də deyə bilərik: məktəbəhazırlıq mərhələsi, ibtidai sinif və ardıcıl olaraq orta təhsil pilləsi, ali təhsil… Azərbaycan dövlətinin sağlam nəslin yetişdirilməsi istiqamətində yürütdüyü məqsədyönlü siyasət həmçinin bilikli, savadlı nəslin yetişdirilməsini də əhatə edir.

Bu, vətəndaş təəssübkeşliyindən, ictimai maraqların təminindən qaynaqlanan siyasətdir. Dövlətə savadlı, bilikli, intellektual vətəndaşlar lazım olduğu kimi, vətəndaşın da gələcəyini düzgün qurması, yüksək səviyyəli yaşam imkanlarına sahib olması üçün elmə, biliyə yiyələnməsi şərtdir. Təhsilin prioritet təşkil etməsində dövlət maraqları ilə vətəndaş maraqları üst-üstə düşür. I siniflərə qəbul prosesinə ictimai marağın yüksək olmasının əsasında da bu məntiq dayanır. Qəbul prosesi necə keçirilir, hansı yeniliklər, hansı çatışmazlıqlar var? Bəzi hallarda valideynləri narazı salan amillər hansılardır?  
         
Elektron qəbulun üstünlükləri 

I sinfə qəbul prosesi ilə bağlı Təhsil naziri Emin Əmrullayev bu günlərdə açıqlama ilə çıxış etdi. Nazir bildirdi ki, prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir: "Ötən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib. Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz: https://baku.edu.gov.az/az/page/9/5548".

Valideynlər üçün daha bir imkanın yaradılmasında əsas məqsəd onları düşündürən məsələlərə daha operativ aydınlıq gətirmək və eyni sualı olan valideynlərə ümumi qaydada cavab verilməsinin təmin olunmasından ibarətdir. I sinfə şagird qəbulu prosesində məktəb və müəllim seçiminə isə sabahdan (bu gündən - aprelin 29-dan. – red.) başlanır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bəzən valideynlər övladlarını seçdikləri məktəbə yazdırmaqda çətinlik çəkir. Bu o zaman baş verir ki, məktəbə yazılmaq istəyən uşağın ailəsi, ya da uşağın özü həmin ərazidə daimi qeydiyyatda olmur. Belə halda ümumtəhsil məktəbi ilk növbədə ərazi üzrə daimi qeydiyyatda olan, yaxud əraziyə yaxın məsafədə yaşayan uşaqları məktəbə qəbul edir. Qəbul prosesində bir sıra hüquqi üstünlüklər mövcuddur. Məsələn, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:  valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan; valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən; bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqlar. Valideynin əvvəlki elektron sorğusunu ləğv edib başqa məktəbi seçməsi üçün əvvəlcə şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim etməli və yalnız məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilər. Yalnız məktəb tərəfindən sistemdə imtina 
düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərilir, sonra isə həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək mümkün olur. 

Valideyn uşağı məktəbə hazırlamalıdır

Təhsil məsələləri üzrə ekspert, fəlsəfə doktoru Rafiq İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, uşaqların yaşadıqları ərazidə yerləşən, ya da əraziyə yaxın məsafədə yerləşən məktəbə getmələri daha məqsədəuyğundur:
- Lakin bilirik ki, istisnalar da olur. Müxtəlif səbəblər ola bilər. Valideyn istəyir özü bitirdiyi məktəbdə övladı da təhsil alsın. Hansısa güclü, bilikli müəllimə tanıyır, istəyir övladına o dərs desin. Tədrisin güclü olduğu, məzunlarının buraxılış və qəbul imtahanlarında daim yüksək nəticələr göstərdiyi ümumtəhsil məktəbləri var, valideynlər çalışır ki, övladları belə məktəblərdə təhsil alsın və sair. Səbəblər çox, istəklər müxtəlif ola bilər. Amma hesab edirəm ki, Təhsil Nazirliyi çox düzgün olaraq ümumtəhsil məktəblərinin I sinfinə qəbulda məktəbin yerləşdiyi ərazi, inzibati rayon üzrə uşağın özü və ya valideyninin daimi qeydiyyatda olmasına ilk növbədə üstünlük verir. İbtidai siniflərə qəbulda bu uşaqlar ilk növbədə qəbul edilir. Ümumtəhsil məktəblərindən başqa, liseylər, gimnaziyalar, xüsusi qabiliyyət tələb edən incəsənət məktəbləri də var, onlara qəbul müsabiqə və müsahibələr yoluyla aparılır. Amma məni ən çox narahat edən məsələ uşaqların ibtidai sinfə hazırlığıdır. Əsas diqqət etməli olduğumuz məsələ təhsilin məzmunundakı dəyişikliklərdir. Müəyyən dəyişikliklər var, bu tədris ilindən başladı. Amma bilirik ki, pandemiya şəraitində məktəbəqədər yaşlı uşaqların hazırlıq qruplarına cəlb olunmasında problemlər yaranıb. Ümumilikdə təhsil distant formaya keçib, belə olduğu halda 5 yaşlı uşaqların məktəbə hazırlığı distant formada qavraya biləcəyini gözləmək absurd olar. Odur ki, əsas məsuliyyət indi valideynlərin üzərindədir. Valideyn bilməlidir ki, tədris 5 yaşdan başlayır. Uşaq ibtidai sinfə ayaq basanadək hərfləri tanımalıdır, ən azı 20-dək saymağı bacarmalıdır. Valideyn uşağı buna hazırlaşdırmalıdır. Bu, varisliyin təmin edilməsidir. Məktəbəqədər hazırlıq harda bitirsə, ibtidai sinif oradan başlayır. İbtidai sinif başa çatdıqda orta təhsil və təhsil pillə-pillə ardıcıllıqla davam etməlidir. Buna “təhsildə varislik” deyilir. Varislik pozulmasın, tədris zənciri qırılmasın deyə, valideyn 5 yaşına çatmış övladını məktəbə hazırlıq qruplarına yazdırmalıdır. Hər məktəbdə var belə qruplar. Hazırlıq qruplarına Təhsil Nazirliyi tərəfindən xüsusi vəsaitlər paylanır. O vəsaitlər pulsuzdur. Uşağın ibtidai sinifdə keçəcəyi bütün fənlər vəsaitdə əhatə olunub. Valideynin övladını vaxtında hazırlıq qruplarına yazdırmasının üstünlüyü budur ki, nazirlik məktəblərə həmin vəsaitləri qruplarda olan uşaq sayına görə verir. Bu vəsaitlə hər il çap olunur. Çünki orda uşağın əqli inkişafına xidmət edən misallar, şəkillər var, uşaq onları rəngləməli, onların üzərində çalışmalıdır. Bu vəsaitlər adi dərsliklərdən fərqlidir. Dərsliklər 4 ildən bir nəşr edilir, amma hazırlıq qruplarının dərs vəsaitləri hər il. İstədiyim budur ki, valideynlər bundan xəbərdar olsun. Doğrudur, pandemiya vəziyyəti çətinləşdirib. Üzbəüz təhsil yoxdur hazırda. Lakin valideyn məktəbdən həmin vəsaitləri  əldə edib özü övladı ilə çalışmalıdır. Uşaq sabah məktəbə gedəndə çətinlik çəkməsin. Əvvəllər belə idi, uşaq hərfləri, əlifbanı ibtidai sinifdə öyrənirdi. İndi şərtlər dəyişib. Məktəbəhazırlıq qruplarında hərflər də öyrədilir, kiçik riyazi hesablamalar da. Hazırlıq qrupuna getməyən uşaq sinifdə digər şagirdlərdən geri qalır. İbtidai sinfin tədris proqramında hərflər yalnız 2 həftə ərzində təkrar olunur, tədris edilmir. Belədə müəllim üçün də çətin olur. Sinifdə bəzi uşaqlar hərfləri tanıyır, yazmağı, hesabı bilirlər, bəzisi bilmir. Müəllim məcburiyyət qarşısında hərfləri öyrətməli olur, bu da tədrisin ümumi səviyyəsinə mənfi təsir göstərir. 

“Heç kim valideynə deyə bilməz ki, uşağı bu məktəbə yazdır, ya yazdırma” 

R.İsmayılov valideynlərin orta məktəb seçimində sərbəst olduğunu, bunun insan hüquqları baxımından toxunulmaz olmasını bildirdi: 

- Heç kim valideynə “qanun” tətbiq edə bilməz ki, övladını bu məktəbə apar, ya başqasına. Lakin şəraitin diktə etdiyi amillər var. Əgər uşağın ailəsi hansısa məktəbin yerləşdiyi ərazidə yaşamırsa və o məktəbin ərazisində yaşayan 6 yaşı tamam olmuş və məktəbdə təhsil almaq üçün müraciət etmiş uşaq varsa, əlbəttə, ilk növbədə ona üstünlük veriləcək. Əlavə olaraq qeyd edim ki, uşaq hansı məktəbdə məktəbə hazırlıq qrupuna gedirsə, həmin məktəbdə, həmin müəllimənin sinfində təhsil alması daha məqsədəuyğundur, çünki uşaq müəllimi tanıyır, müəllim də uşağı. Onların arasında ünsiyyət yaranmış olur artıq. Əsas uşağı məktəbəhazırlıq qrupuna vaxtında yazdırmaqdır. Psixoloqlar müəyyən edib ki, körpələrdə 36-48 aylığından idraki təfəkkür bacarıqları formalaşır. 3-4 yaşından etibarənsə uşaqlar hərfləri yadda saxlamaq, dərk etmək qabiliyyətinə malik olurlar. Səslə hərfləri ayırd edirlər. Bir var, səsi eşidirsən, bir də var, hərfi tanıyırsan. Məsələn, dərk etmək qabiliyyətinə malik uşağa “A” hərfinin şəklini göstərəndə o, hərfi tanıyır və onu səsləndirir. Eşitdiyi səsin qrafik şəklini də tanıyır. 2-ci mərhələdə isə artıq oxu və yazı gəlir. Biz (Rafiq İsmayılov və Dilrubə Cəfərovanın müəllifliyi ilə) I siniflər üçün “Sinifdən xaric oxu” vəsaiti hazırlamışıq. Orda 2-3-4 hərfdən ibarət, 2 hecalı 40 söz verilib. Əgər uşaq bu 40 sözü 1 dəqiqə ərzində söyləyə bilirsə, deməli, mətn oxunuşuna keçmək olar artıq. Uşağın idraki qabiliyyətini yoxlamaq üçün bu tip misallar, məsələlər çoxdur. Bilirsiz, hər dövrün öz tələbi var. Uşaq məktəbdə hərfləri öyrənəcək, rəqəmləri tanıyacaq, “bəs müəllim nə üçündü, öyrətsin…” kimi yanaşmaların zamanı keçib artıq. 6 yaşı tamam olmuş uşaq məktəbə hazırlıqlı gəlməlidir. Hərfləri bilməli, rəqəmləri tanımalıdır. Hazırda bütün dünya bu yolla gedir. Ona görə də təhsildə birinci, öncüldürlər. Bizim uşaqların oxuyub dinləmək səviyyəsi isə aşağı göstəricilərlə qeydə alınır. Məhz bu səbəbdən ki, valideynlər uşaqları ilə məşğul olmur. Onları ibtidai sinfə lazımi qaydada hazırlamırlar. Əlbəttə, mən bütün valideynləri nəzərdə tutmuram.     

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu