""Azərenerji"nin inhisarçılığı zəifləyəcək"

Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, hökumətin bu istiqamətdə səyləri düşünməyə əsas verir ki, yaxın perspektivdə "Azərenerji"nin inhisarçılığı zəifləyəcək. O qeyd edib ki, bununla da ümumi şəbəkəyə inteqrasiya olunan alternativ enerjinin xüsusi çəkisi artacaq: "Bir müddət öncə Prezident 230 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi barədə də Sərəncam imzalamışdı. Bu stansiya Birləşmiş Ərəb Əmirliklərinin “MASDAR” şirkəti tərəfindən qurulacaq. Bu gün Prezident gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı Müqaviləni təsdiqləyib.

Müqavilə Səudiyyə Ərəbistanının “ACWA Power Azerbaijan Renewable Energy” şirkəti tərəfindən icra olunacaq. Qeyd edim ki, "ACWA Power” və “Masdar” şirkətlərinin bərpaolunan enerji mənbələri sahəsində həyata keçirəcəkləri pilot layihələr, ümumilikdə 300 milyon dollardan artıq qiymətləndirilir.

Energetika Nazirliyi və digər qurumlar uzun müddətdən bəri bu layihələrin reallaşması üzərində çalışırdılar. Hələlik adıçəkilən qurumların beynəlxalq tərəfdaşla birgə hazırladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi müzakirəyə çıxarılmayıb. Hazırda Azərbaycanda elektrik enerjisinin 91,9 faizi ənənəvi enerji resursundan - təbii qazdan alınır.

Yəni bu sektorda inhisarçılıq "Azərenerji"nin nəzarətindədir. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumi istehsalın cəmi 8,1 faizi həcmindədir. Hökumətin bu istiqamətdə səyləri düşünməyə əsas verir ki, yaxın perspektivdə "Azərenerji"nin inhisarçılığı zəifləyəcək və ümumi şəbəkəyə inteqrasiya olunan alternativ enerjinin xüsusi çəkisi artacaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu