Zəngəzurun statusunun müəyyənləşməsi Qərb üçün də prioritetdir

"Ermənistanda iyun ayında keçirilən seçkilər və yeni hökumətin formalaşmasını gözləmək bizim üçün zaman itkisidir"

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-leytenant Stepan Melkonyan Zəngəzurda neytral zonanın yaradılmasını təklif edib. O bildirib ki, o zamana qədər hadisələrin qarşısının alınacağını söyləmək sadəcə fantaziyadır:

“Zəngəzurda neytral zonanın yaradılması gələcəkdə burada baş verə biləcək hadisələrin qarşısını almağa imkan verəcək. Hər iki tərəfdən, xüsusilə də bölgə sakinləri ilə digər tərəfin əsgərləri arasında təmasın istisna ediləcəyi neytral zona olmalıdır”. Onun sözlərinə görə, məlum səbəblərdən delimitasiya və demarkasiya aparılmazdan əvvəl təhlükəsizlik barədə danışmağın yeri yoxdur: “O zamana qədər hadisələrin qarşısının alınacağını söyləmək sadəcə fantaziyadır”.
 

Erməni tərəfinin Zəngəzurla bağlı təkliflərini “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli saziş bölgədə hərbi münaqişəni dayandırsa da, daimi sülhün imzalanmasına ehtiyac var. Partiya funksionerinin qənaətincə, sazişin imzalanmasından 6 aya yaxın zaman keçməsinə baxmayaraq, Xankəndidəki separatçı rejim qanuni hakimiyyətlə, yəni Azərbaycanla əlaqələrin bərpa edilməsinə yönəlik addım atmaq barədə düşünmür:

“Ermənistan rəsmiləri isə Şuşanın və Xocavəndin qaytarılacağı barədə qıcıqlandırıcı bəyanatlarla çıxış edirlər. Hərçənd, bu bəyanatlar Paşinyana müxalif mövqedə dayanan Koçaryan və tərəfdarlarının dilindən səslənsə də, ictimai rəyə ciddi təsir edir. Bu səbəbdən Paşinyan daimi sülh sazişinin bağlanması istiqamətində qəti addımlar atmaqdan çəkinir. Zəngəzur dəhlizi ilə bağlı hər hansı irəliləyişin olması yaxın 3-4 ayda gözlənilmir. Ermənistanda iyun ayında keçirilən seçkilər və yeni hökumətin formalaşmasını gözləmək bizim üçün zaman itkisidir. Ona görə Prezident İlham Əliyev sərt və haqlı bəyanatları ilə Zəngəzur istiqamətindən Naxçıvana kommunikasiyaların açılması üçün təzyiqlər edir. ABŞ dövlət katibinin ölkə başçısı İlham Əliyevə zəng etməsi və söhbət zamanı dövlət başçımızın kommunikasiyaların açılmasını xüsusi vurğulaması bununla bağlı idi”.

Analitikə görə, Zəngəzurun gələcəkdə yeni qaz kəmərlərinin tranzit ərazisinə çevirilmə imkanı var:

“Avropa parlamentində Rusiya qazından imtina edilməsi istiqamətində qərar qəbul ediləcəyi gözlənilir. O baxımdan gələcəkdə Zəngəzur layihəsinin gerçəkləşməsi daha real görünür. Zəngəzurun statusunun müəyyənləşməsi Qərb üçün də prioritet təşkil edir. Laçın şəhərinin bütünlüklə Azərbaycanın idarəçiliyinə qaytarılması da eyni dərəcədə mühüm əhəmiyyətə malikdir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Stepan Melkonyanın Zəngəzurda neytral zonanın yaradılması təklifi o şərtlə müzakirə edilə bilər ki, bu barədə beynəlxlaq təcrübəyə əsaslanma olsun. ABŞ-ın Luiziana ştatı 19-cu əsrdə İspaniya ilə mübahisəli ərazi olaraq bir müddət neytral zona kimi qalıb. Heç bir dövlətin proteraktında olmayıb. Eləcə də İsrail və Misir, Səudiyyə Ərəbistanı və İraq, Hollandiya, Belçika və Almaniya arasında mübahisəli ərazilər mövcud olub. Neytral zona statusu müəyyənləşənə qədər ya tərəflərin birgə nəzarətində olmalı, ya da beynəlxalq sülhməramlılar dövrəyə girməlidir. İstənilən halda Zəngəzurda Azərbaycanın üstün hüquqlarının olması vacibdir ki, bölgədən keçən kommunikasiyaların təhlükəsizliyini təmin edə bilsin. Bu həm də Ermənistanın, Qərbin və Rusiyanın maraqlarına uyğundur”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu