Bakının gizlinləri üzə çıxır

Tarixi binanın üzərində səssiz mansard tikildi

Hay-küy qalxan kimi hər kəs yaxasını kənara çəkir ki, "xəbərim olmayıb"

Zemfira Budaqova: "Memarlıq və Şəhərsalma Dövlət Komitəsində əsl memarlar varsa, belə biabırçılığa və qanunsuzluğa son qoymalıdırlar"


Bakının Nəsimi rayonu, “28 May” küçəsindəki tarixi binanın üzərində əlavə tikinti işləri aparıldığını əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb. Fotolar memar Elçin Əliyev tərəfindən yayılıb. Memar durumla bağlı qeyd edib ki, 1908-ci ildə tikilmiş tarixi bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir. Lakin kimlərsə binanın konstruksiyasına əlavələr edib, həm də qanunsuz.

Binanın damında mansard inşa etməklə mərtəbələrin sayını süni şəkildə artırıblar. Bu isə həm tikinti-inşaat qanunlarına ziddir, təhlükəsizliyə təhdiddir, həm mədəni irsin məhv edilməsi, tarixi binaya vurulan zərbədir. Məsələ ilə bağlı “Qafqaz-info” saytı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb. Cavab olaraq sayta bildirilib ki, bununla əlaqədar Mədəni İrsin Qorunması Dövlət Xidmətinə artıq məlumat verilib.

İstifadədə olan yaşayış binalarının mərtəbələrinin sayının sonradan artırılması təcrübəsi paytaxtda geniş yayılıb. 
Paytaxtın “28 May” küçəsində tarixi binayla bağlı yaşanan hal ilk deyil. Sonuncu olacaqmı, müsbət cavab vermək çətindir. Çünki indiyədək oxşar hallar baş verib, ictimailəşib, media işıqlandırıb, lakin heç bir hüquqi ölçü götürülməyib. Bəlkə hansısa qurum qanunsuzluğa yol verənin başının üstünü kəsdirib, “haqq-hesab” çəkib, onu deyə bilmərik. Ortada real nəticə olmadığından aidiyyətli qurumların susqun qaldığı daha çox inandırıcıdır. Xatırladaq ki, bir müddət öncə yenə də sosial şəbəkədə feysbuk istifadəçisi Məhəmmədəli Qəribli qanunsuz tikili ilə bağlı foto paylaşmışdı və belə bir məzmunda paylaşım etmişdi: “Artıq işbazlar yeni metoda əl atıblar. Əlavə xərc çəkib yerdən bina tikmək onlara sərf etmir. “Günəşli” qəsəbəsində tikilən bu hazır binanın üstündən iki mərtəbə artırmaqla yaxşı pul qazanmaq eşqinə düşüblər. Bundan böyük qanunsuzluq olarmı?!”. 
Tarixi binaların simasının, quruluşunun dəyişdirilməsi, mərtəbələrin sayının artırılması, eyvanlar, mansardlar əlavə edilməsi, tikintisinə icazə alınan binanın mərtəbələrinin sayının sonradan artırılması paytaxtda adi hal alıb. 

Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova sözügedən məsələ ilə bağlı “Şərq”ə açıqlamasında tarixi binanın damında mansard tikintisinə konkret şəxs və qurum tərəfindən icazə verildiyini bildirdi: 

- Şəhərdə icazəsiz nəsə tikmək mümkün deyil. Kənar yerlərdə belə vətəndaşlar fərdi ev tikintisi üçün bələdiyyədən başlamış icra hakimiyyətinədək instansiyaları bir-bir – pul müqabilində, rüşvətlə keçirlər. Belə olduğu halda şəhərin mərkəzində tarixi binanın damında mansard tikintisini rəsmi orqanların “görməməsi” absurddur. Kimsə buna icazə verib. Söhbət qanuni icazədən getmir, kabinetdə, qeyri-qanuni, iki tərəf arasındakı razılşmaya görə icazə verilib. Pul müqabilində nə istəsəniz etmək olar. “Filan qədər ver, get, nə istəyirsən tik”, vəziyyət budur. Məsələ ictimailəşəndə, hay-küy qalxanda isə hərəsi yaxasını bir kənara çəkir ki, “xəbərim olmayıb”, “mənim vaxtımda verilməyib sərəncam”. Bu, məsuliyyətdən yayınmaqdır. Bunu da çox gözəl bacarırlar. Paytaxtdakı qədim, tarixi binaların qədrini bilmirlər. “Azneft” meydanından Bayıl istiqamətinə gedən yolda “İnturist” mehmanxanası vardı. Bu binanın tikintisi üçün Bakıya İtaliyadan memar dəvət edilmişdi. Binanın daxilində necə gözəl naxışlar, ornamentlər vardı. Həmin naxışları, bəzəkləri indi heç yerdə görə bilməzsiniz. Amma o cür gözəl binanı sökdülər. Yerində guya ki, ona bənzərini tikəcəkdilər. Tikə bilmədilər. Yeni bina heç vaxt əvvəlkini əvəz edə bilməz. Qədim binaları “təmizləmək” adı altında yonurlar, daşların naxışı, bütün cizgilər itir. Binada tarixilikdən əsər-əlamət qalmır. 

Z.Budaqova bir əsrdən artıq yaşı olan tarixi binanın üzərində mansard tikilməsinin təhlükəsizlik baxımından da yolverilməz olduğunu bildirdi: 

- Qədim binaların fundamenti möhkəmdir, divarları qalındır. Lakin hər bir bina müəyyən ağırlığa hesablanaraq tikilir. 3 mərtəbə binanın daşıya biləcəyi ağırlıqla, 5-6, 16-20 mərtəbəli binanın daşıya biləcəyi ağırlıq fərqlidir. Əgər 5 mərtəbəli binanın üstündə sonradan daha bir mərtəbə ucaldılırsa, binanın ağırlıq saxlama gücünə mənfi təsir edir. Belə əlavə tikililər binaların özülünü tərpədir, dirəkləri əlavə ağırlığa salır. Bu da həm bina üçün, həm də orada yaşayan sakinlərin həyatı üçün də təhlükəlidir. Buna imkan yaradanlar, gizli-gizli icazə alanlar və bu icazəni verənlər cəzalanmalıdır.       

Z.Budaqova Memarlıq və Şəhərsalma Dövlət Komitəsinə yeni təyinatı xatırlatdı: 

- Cənab Prezident Memarlıq və Şəhərsalma Dövlət Komitəsinin yeni təyin edilmiş sədrinə hansı tapşırıqları verdi, hamımız gördük. Prezident tarixi binaların, maddi irsimizin qorunmasının vacibliyindən danışmışdı. Prezident bu məsələdə sərt mövqe ortaya qoyub. İcra strukturları, məmurlar da bundan nəticə çıxarmalıdır. Memarlıq və Şəhərsalma Dövlət Komitəsi ara məsafəsi cəmi 20 metr olan iki 16 mərtəbəli binanın qarşı-qarşıya tikintisinə necə icazə verib? Şəhərdə belə tikililər “n” qədərdi. İnşaat qanunlarına görə, məsələn, 16 mərtəbəli bina ilə digər 16 mərtrəbəli bina arasında əslində iki 16 mərtəbəli binanın hündürlüyü qədər məsafə olmalıdır. Yaxşı, bunu etmirlər etməsinlər, heç olmasa, bir 16 mərtəbənin hündürlüyü qədər məsafə saxlasınlar. Bu da yoxdur. Bakı kimi rütubətli şəhərdə bir-birinıə bitişik, pəncərələri gün işığı görməyən binalar tikmək fəlakətdir. Bu binalarda yaşayan, o mənzillərdə böyüyən uşaqların sağlamlığı sual altındadır. Komitədə əsl memarlar varsa, belə biabırçılığa və qanunsuzluğa son qoymalıdırlar.   

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu