Bəd xəbər yarışı: Media naziri artıq neçənci dəfədir ki, “öldürüb-dirildir"

Xəbər saytları insan taleləri üzərindən vicdansızcasına oynayırlar

Gənclər və İdman naziri Azad Rəhimovun səhhəti ilə bağlı günlərdir müxtəlif xəbərlər dolaşır. Nazirin gah ABŞ-da müalicə aldığı, gah da Bakıya gətirilərək özəl xəstəxanaların birində süni nəfəs aparatına qoşulduğu, hətta həyatda olmadığı, lakin bu barədə məlumatların bilərəkdən gizlədildiyinə dair şayiələr sosial mediada yer alır. Xəbər saytları yenə də “İP” ovundadır. Xoş xəbərlərdən daha çox bəd xəbərlərə, faciələrə “sığınan” onlayn media naziri artıq neçənci dəfədir ki, “öldürüb-dirildir”. Eyni hazırda Xalq artisti, koronavirusdan əziyyət çəkən sevimli sənətkar Arif Quliyevlə bağlı da yaşanır. Koronavirusdan bu günlərdə dünyasını dəyişmiş Əməkdar artist, sevilən ifaçı Baloğlan Əşrəfovun ölüm xəbəri ilə yanaşı Arif Qulieyin də həyatla artıq vidaşladığı xəbərləri yayıldı. Doğmalarının təpkisi sonrası xəbərlər səngidi.

Yeri gəlmişkən, GİN-nin mətbuat katibi Səmayə Məmmədova “Facebook” səhifəsində nazir Azad Rəhimovun səhhəti ilə bağlı məlumat paylaşdı. Mətbuat katibi xəbər verdi ki, nazirin Bakıya gətirilməsi haqda informasiya həqiqətəuyğun deyil, Azad Rəhmov ABŞ-dadır, vəziyyəti ağır olaraq qalır”. Ümumiyyətlə, ölkənin bir nazirinin səhhəti ilə bağlı xəbər niyə gizlədilməli və ya niyə verilməməlidir? Burada hansı məqsəd güdülə bilər? 

Məsələ ilə bağlı fikirlərini “Şərq”ə bildirən Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət qeyd etdi ki, jurnalistikanın, xəbərçiliyin dedi-qodu, şayiə üzərindən aparılması ürəkaçan deyil: 

- Əvvəla, mən Azad müəllimə şəfa diləyirəm. Arzu edək ki, sağalsın, vəzifəsini davam etdirsin. İkincisi, nazirin uzun müddət xəstə yatması əlavə suallar yaratdı. Amma bu, heç bir jurnalistə, heç bir xəbər saytına, portala əsas vermir ki, bir insan haqqında, fərqi yoxdur, bu insan nazirdir, dövlət rəsmisidir, yaxud sıravi vətəndaş, barəsində əsassız, təsdiqlənməmiş informasiya yaysın. Bu, jurnalistika qanunlarına da ziddir, insanlığa da. Mən dostlarımızı, jurnalist həmkarlarımı bu cür xəbərçilikdən əl çəkməyə çağırıram. Mən də çox şey bilirəm. Kimlərdəsə olmayan informasiya bəzən məndə olur. Lakin mənim bu cür informasiyaları paylaşdığımı, ictimailəşdirdiyimi kimsə görməyib. Etməmişəm bunu. Bəli, Azad Rəhimov nazirdir, dövlət siyasətinin yürüdülməsində öz yeri, rolu olan vəzifəli şəxsdir. Doğrudur, dövlət təhlükəsizliyi ilə bağlı, əlahiddə qurum rəhbəri deyil. Bəzən yüksək çinli, dövlətin özəyini təşkil edən vəzifəli şəxslər barəsində informasiyalar dövlət siyasətinə uyğun olaraq yayılır. Azad Rəhimov nazirdir. Və onun səhhəti barədə informasiya nazirlik tərəfindən mütəmadi verilməlidir ki, öz vəzifəsini icra edib-etmədiyi bilinsin. Amma bu da var ki, nazirliyin mətbuat katibi Səmayə xanım əlçatandır, media ilə nümunəvi münasibətləri var. Və məhz Səmayə Məmmədova da nazirin səhhəti ilə bağlı lazım olan informasiyanı verdi. Tutalım, nazirin başına bir iş gəlsə, niyə bunu gizlətməlidirlər?! Mən burda heç bir məntiq görmürəm. 

A.Həsrət təəssüflə qeyd etdi ki, bəzən xəbər saytları insan taleləri ilə oynayır: 

- Çox təəssüf ki, bəzi adamlar sayta oxucu cəlb etmək üçün insan taleləri üzərindən vicdansızcasına oynayırlar. 44 günlük Vətən müharibəsində də biz bunu müşahidə etdik. Hətta şəhidlərin sayı ilə bağlı şayiə xarakterli məlumatlar verilirdi, “say bu qədər deyil” və sair... Elə bir dövrdə yaşayırıq ki, nəyisə gizli saxlamaq artıq mümkün deyil. İctimaiyyətə çatdırılmalı olan informasiyalar gec-tez çatır. Sadəcə, bəziləri boş, mənasız söz-söhbətlərlə sensasiya yaratmağa çalışır. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu