Rusiyanın üzərinə getməliyik:“Kəlbəcərə materiallar daşımasına..."

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 420 ton humanitar yükün çatdırılmasını təmin edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 20 hərbi və müşayiət maşınlarından ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin karvanı 420 ton yükü Suqovuşan-Kəlbəcər marşrutu ilə (ərzaq, tikinti materialları və qurğuları) Kəlbəcər rayonuna çatdırıb.
Rusiya MN-in məlumatında qeyd olunub:
“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”.

 Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə təxminən 2800 tondan çox yük daşınıb.

AĞ Partiya sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, Rusiyanın Qarabağda sülhməramlı missiyası çərçivəsində atdığı addımlar qətiyyən yolverilməzdir:

“Bu addımlar nə dövlət, nə millət, nə iqtidar, nə də müxalifət olaraq bizi razı salır. Çünki rus hərbçiləri özlərini daha çox işğalçı ordunun nümayəndələri kimi aparır, nəinki sülhməramlı qüvvələri olaraq. Təbii ki, belə olduqda Azərbaycanda kifayət qədər narazılıq yaranır, hətta rus sülhməramlıların regionu vaxtından əvvəl tərk etməsi barədə tələblər irəli sürülə bilər. Rusların əsasən Xankəndidə parad keçirmək təşəbbüsü və yaxud sülhməramlı missiyasına aid olmayan məsələlərə müdaxilə etmələri Azərbaycanın müstəqil dövlət olaraq suverenliyinə təhdiddir. Dövlətimiz baş verənlərə öz etirazını bildirməlidir. Bu faktlar tək Rusiyada yox, beynəlxalq ictimaiyyətdə işıqlandırılmalıdır. Bununla da Rusiyanın regiondan çıxmasına nail olmaq lazımdır”.

T.Abbaslı vurğulayıb ki, rəsmi Moskva bölgədə sülhün bərpasında maraqlı deyil, əksinə konfliktin və düşmənliyin davam etməsini istəyir:

“Çünki bölgədə qalmaq üçün bir bəhanələri olacaq. Əminəm ki, rus sülhməramlıları regiona zorla gəlməsəydilər, artıq dünyada Qarabağ adlı problem qalmayacaqdı. Ruslar məhz regionda problemin həll olunmaması üçün müdaxilələr edirlər və hazırda bu müdaxilələrdən irəli gələn addımlar atırlar. Düşünürəm ki, ölkəmizin mövqeyi sərt olmalıdır, müttəfiqlərimizlə Rusiyanın üzərinə getməliyik. Ümumiyyətlə, Azərbaycanın icazəsi olmadan Qarabağa bir daş belə gətirilə bilməz. Çünki Qarabağ bizim ərazimizdir. Hətta bunu Rusiya prezidenti Vladimir Putin də qeyd edib. Rusların Kəlbəcərə materiallar daşımasına hansısa ad vermək mümkün olmur. Əsas məsələ odur ki, baş verənlərə kəskin etirazımızı bildirək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu