Fransada yeni etiraz dalğası:“Ölkə xaosa sürüklənir...”

Fransanın paytaxtı Parisdə, Lill, Nant və Liyonda keçirilən 1 May nümayişləri zamanı radikal qüvvələrlə polis arasında toqquşma baş verib. Polislə qarşıdurma Parisin Xal meydanında daha qabarıq şəkildə yaşanıb. Qara geyimli bir qrup etirazçı şəhərdə zibil qutularını yandırmağa, ticarət və digər obyektlərə müxtəlif dərəcədə zərər vuraraq polisə müxtəlif əşyalar atıblar. Şəhər Polis İdarəsi meydanda olanları təcili yardım xidmətinə yaralıların çıxarılması ilə bağlı müdaxilə etməməyə çağırıb. Bəzi yerlərdə etirazçılar yanğınsöndürənlərə yandırdıqları tonqallara yaxınlaşmağa imkan verməyiblər. Polis radikallara qarşı gözyaşardıcı qaz bombasından və su şırnaqlarından istifadə etməyə məcbur olub.
Liyonda nümayişlərin  dağıdılması zamanı 27 polis və jandarma zabiti yaralanıb, azı 5 nəfər nəzarətə alınıb. Son məlumatlara görə, Parisdə 34 nəfər etirazçı saxlanılıb.

Qeyd edək ki, Emmanuel Makron prezident seçildikdən sonra Fransada belə toqquşmalara tez-tez rast gəlinir. Maraqlıdır, bu qarşıdurma “sarı jiletlilər”in üsyanı kimi geniş vüsət ala bilərmi?

Millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, Fransada həm radikal sol, həm də radikal sağ qüvvələri çox fəallaşıblar:

“Onların bir neçə istiqamətdə ölkəni xaosa sürükləmək və Fransanın müxtəlif şəhərlərində sabitliyi pozmaq cəhdlərini dəfələrlə izləmişik. Radikal sağ qüvvəlləri Fransada antiislamla bağlı bir neçə xoşagəlməz hadisələr törədib, məscidləri yandırıb, qaradərili insanlara hücumlar ediblər.

Tək Fransa deyil, Avropanın digər ölkələrində də belə prosesləri müşahidə edirik.

Sadəcə Fransada belə hallar kəskin forma alıb. Almaniya və Belçikada da analoji hallar yaşanır. Bu cür hadisələrin artması onu göstərir ki, bir sıra ölkələrdə dərin sosial problemlərlə yanaşı, eyni zamanda səlib yürüşü təfəkkürü var.

Hanısa dini və etnik cəhətdən fərqli olan insanlara qarşı dözülməz yanaşmalar Avropanın bir sıra ölkəsində, əsasən də Fransada öz əksini tapıb.
Bu da onu göstərir ki, bir çox halda Avropada bəyan olunmuş dəyərlərlə reallıq arasında çox ciddi uçurum var”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu