Dövlət öz vətəndaşlarını bağrına basır

Şuşada bütün dinlərin nümayəndələri ibadət edə biləcək

Şuşa bərpa olunur. Tam məntiqli, qanunauyğun, gözlənilən və müşahidə edəcəyimizə, şahid olacağımıza inandığımız həqiqətdir. Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmadı. Doğma yurda qayıdacağına varlığı qədər inandı. Ümid yox, inam bəslədi. Ümidlər qırıla bilir, reallaşmaya bilir. İnam isə insana güc verir, təpər verir, gələcəyə aparır. Azərbaycan xalqı da Vətən sevgisindən doğan inamına sarıldı 30 ilə yaxın bir müddətdə. Böyük Qələbə gününün, Böyük Qayıdış gününə doğru addımladı. Əlbəttə ki, güclü, gündən-günə inkişaf edən, böyüyən, ucalan, dünya kürsülərindən səsi daha ucadan, qətiyyətlə çıxan dövlətlə - dövlətin başçısı, indi qürurla müzəffər Ali Baş Komandan dediyimiz cənab Prezident İlham Əliyevin dövlətçiliyə, xalqa, milli və vətəndaş maraqlarına söykənən siyasəti ilə. Xalq qələbəyə inanırdı, qayıdışa inanırdı, lakin bunun nə vaxt baş verəcəyini təxmin etmirdi. Cənab Prezident isə 44 günlük Vətən müharibəsi dövründə yerli və xarici mediaya verdiyi açıqlamalarda “Mən nəyi nə zaman etməyi bilirəm, Prezident seçilərkən xalq qarşısında verdiyim sözlərə sadiqəm”, deyirdi. Və xalq da buna 44 günlük müharibə dönəmində və mənfur düşmən üzərində Qələbəmiz təsdiqləndikdə bir daha əmin oldu. 

Şuşa tək azərbaycanlıların deyil, bütün xalqındır 

İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır. Prezident İlham Əliyevin göstərişi, birbaşa nəzarəti, diqqəti və qayğıkeşliyi altında aparılan quruculuq işlərinin bütün region üçün geniş imkanlar açdığı, iqtisadiyyatın inkişafına böyük töhfə verəcəyi, eyni zamanda bölgə əhalisinin sosial-iqtisadi durumunun yaxşılaşmasına xidmət edəcəyi birmənalıdır. Cənab Prezident çıxışlarında dəfələrlə bu məsələ barədə danışıb və işğaldan azad olunmuş ərazilərin qısa bir zamanda dirçəldilməsinin, 30 ildir doğma yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızın el-obalarına mümkün qədər tez qayıdışının dövlətimiz üçün əsas məsələ olduğunu vurğulayıb. Və bu işə cavabdeh olan şəxslərə ciddi tapşırıqlar verib. Lakin görürük ki, cənab Prezident də, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da icra olunan işlərə birbaşa nəzarət etməyi gərgin iş qrafiklərinə daxil edirlər. Cənab Prezident və ailə üzvləri işğaldan azad olunmuş ərazilərə, şəhər və kəndlərə səyahətlər edir, görülən işlərlə maraqlanır, yenə tapşırıqlarını verirlər. Şuşa şəhəri isə xüsusi mahiyyət daşıyır. Cənab Prezident Vətən müharibəsi günlərində xarici ölkə jurnalistinin “Dağlıq Qarabağ sizin üçün niyə bu qədər önəmlidir” sualına tutarlı və xalqımızın ürəyinə su səpən bir cavab vermişdi: “Elzas və Lotaringiya sizin üçün nədirsə, Dağlıq Qarabağ da bizim üçün odur. Qarabağ Azərbaycanın milli qürur mənbəyidir”, demişdi. Şuşa azad ediləndə isə cənab Prezident ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl etdiyini qürurla söylədi və “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” dedi. İndi xalqımız Şuşanın dirçəldilməsinə şahiddir. Şuşa Prezident sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bununla bağlı Prezident İlham Əliyev çıxışında demişdi ki,  “Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Əlbəttə, Azərbaycan deyiləndə yalnız Azərbaycan türkləri nəzərdə tutulmur. Vətənimizdə yaşayan, Azərbaycanı Vətəni hesab edən, onun inkişafına xidmət edən, uğrunda döyüşən, şəhid olan bütün digər xalqların, millətlərin, etnosların nümayəndələrini nəzərdə tuturuq. Bu gün Şuşada aparılan bərpa, quruculuq işlərinin gedişində “Qazançı” kilsəsinin bərpasının ön plana keçməsi Azərbaycan dövlətinin bu ölkədə yaşayan bütün xalqları öz vətəndaşı olaraq qəbul etdiyinin, hər birinə hörmətlə yanaşdığının bariz nümunəsidir. Şuşanın Gövhər Ağa Məscidi ilə yanaşı Qazançı kilsəsinin də təmir edilməsi, vəhşi ermənilərin xaraba qoyduğu, dağıtdığı məbədin yenidən bərpası Şuşanın bütün xalqın sərvəti, qürur mənbəyi, istisnasız hamımızın şəhəri olduğuna sübutdur.  

Şuşada bütün dinlərin nümayəndələri ibadət edə biləcək       
  
Azərbaycan dövləti Şuşadakı bütün tarixi, milli və dini abidələri təmir etməklə, onlara ikinci ömürlərini yaşatmaqla həm də dünyaya mesaj verir. Yalan, böhtançı  erməni əks-təbliğatının iç üzünü açır. Xatırladaq ki, 2020-ci ilin noyabrında  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Azad Cəfərli bildirmişdi ki, Ermənistan hazırda ölkəmizə qarşı beynəlxalq miqyasda çirkin kampaniya aparır. Bu çirkin kampaniyanın tərkib hissəsindən biri də Şuşa şəhərində yerləşən “Qazançılar kilsəsi”nin guya Azərbaycan Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində zərər görməsidir. Birincisi, “Qazançılar” erməni kilsəsi deyil, onun tarixi barədə kifayət qədər elmi araşdırmalar var. Kilsənin dağılmasına gəlincə, A.Cəfərli qeyd etmişdi ki, Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Qazançılar kilsəsi” Azərbaycan dövləti tərəfindən layiqincə qorunub. 1984-1985-ci illərdə abidədə bərpa işləri aparılıb. Lakin Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra kilsə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd və müvafiq beynəlxalq konvensiyaların tələbləri pozulmaqla 3 dəfə “təmir-bərpa” prosesindən keçib. İstər aparılmış qanunsuz bərpa işləri, istərsə də münaqişə zamanı Azərbaycan mədəni irsinə aid abidəyə olunan müdaxilələr Ermənistan Respublikası tərəfindən törədilən vandalizm aktlarının bir nümunəsidir və işğalçı dövlətə münasibətdə müvafiq öhdəlik yaradır. Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin dini və tarixi abidələrin bərpasına kimə, hansı xalqa məxsusluğuna fərq qoymadan xüsusi diqqət ayırması ölkəmizin dini ayrı-seçkilikdən uzaq olduğunu, bütün xalqların dini etiqadlarına, milli və dini dəyərlərinə hörmətlə yanaşdığını göstərir. Azərbaycan dövləti vətəndaşı olan hər bir kəsə ibadət üçün də, rahat, təminatlı yaşamaq üçün imkan yaradır. Heç kim, heç bir ölkə, hər hansı beynəlxalq təşkilat Azərbaycanda başqa dinlərin abidələri təhlükə altında olmasıyla bağlı ittiham edə bilməz. Yalnız bölgəyə bələd olmayanlar və erməni lobbisinin sifarişini yerinə yetirənlər belə bir cəfəng iddia ilə çıxış edə bilər. Azərbaycan xalqının, dövlətininsə belələrinə veriləcək cavabı var. Hər şey göz önündədir, aşkardadır. Dövlətin apardığı siyasət, təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumən ölkədə aparılan işlər bunun əksini sübut edir. Cənab Prezident də çıxışlarında vurğulayıb ki, Azərbaycana iftira atmağa cəhd edənlər ermənilərin 30 il müddətində müsəlman abidələrini hansı vəziyyətə saldıqlarına baxsınlar. Ermənilər tarixi, dini abidələri, bütün evləri, yaşayış məskənlərini dağıdıb, meşələri qırıb, torpaqları yararsız hala salıb. Azərbaycan isə vətəndaşlarını qoruduğu, onlara sahib çıxdığı kimi, abidələrə də sahib çıxır, onları bərpa edir, qoruyur və vətəndaşlarının istifadəsinə verir. Şuşada və bütün Qarabağda da belə olacaq. 

“Qazançı”nın bərpası dövlətimizin bütün vətəndaşlarını bağrına basdığını göstərir 

Prezident çıxışlarında qeyd edib ki, dini abidələrimiz qorunur və qorunacaq: “Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Bir çoxları yenidən tikilib, o cümlədən mənim göstərişimlə Heydər məscidi yenidən tikilib. Bizim digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. ...Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər”. Azərbaycan dövlətinin kimliyindən, hansı dinə, hansı etnik qrupa mənsubluğundan asılı olmayaraq bütün vətəndaşlarına eyni imkanlar yaratması hazırda işğaldan azad olunmuş ərazilərdə hazırda aparılan təmir-bərpa, abadlıq, quruculuq işlərinin gedişində də özünü göstərir. Əgər bu gün Füzulidə, Zəngilanda, Laçında beynəlxalq hava limanlarının tikintisi, su elektrik stansiyalarının inşasına başlanması, “Ağıllı kənd” layihələrinin icrası təbii ki, vətəndaşların rifahına yönəlib. Qarabağda tikiləcək sənaye müəssisələri, fəaliyyətə başlayacaq zavodlar, fabriklər əhalinin sosial təminatının yaxşılaşmasına, gəlirlərinin artmasına xidmət edəcək. Cənab Prezidentin də dediyi kimi, Azərbaycan ərazisində yaşayan bütün xalqlar Azərbaycan vətəndaşlarıdır. Dövlətin həyata keçirdiyi hər hansı sosial yönümlü layihə də vətəndaş maraqlarına xidmət edir.   

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu