Mütləq Laçında 67 postumuzu qurmalıyıq

Heç bir ölkənin nümayəndəsi Azərbaycanın icazəsi olmadan Laçın dəhlizindən keçə bilməz

Sosial şəbəkələrdə İranın Ermənistan vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “yardım” daşımasını əks etdirən görüntülər yayılıb. Təbii olaraq ölkə ictimaiyyəti Laçın dəhlizi vasitəsi ilə Qarabağa “humanitar yardım” adı altında müxtəlif hərbi avadanlıqların ötürülməsinə sərt etiraz edir. Çünki bu yardımların Ermənistan ərazisindən, Laçın dəhlizi vasitəsi ilə edilməsi və bundan Azərbaycanın məlumatsız olması 10 noyabr bəyanatının ciddi şəkildə pozulmasıdır.

Ona görə də tələb edilir ki, Azərbaycan Ordusu mütləq Laçın dəhlizinə nəzarəti öz əlinə almalı, yaxud dəhlizə nəzarəti rus sülhməramlıları ilə birlikdə təşkil etməlidir.

Əlbəttə, Azərbaycana hər hansı ölkədən humanitar yardımın gəlməsində qeyri-adi bir şey yoxdur. Qarabağ da Azərbaycan ərazisidir, ora da humanitar yardım gələ bilər.

Ancaq bu yardım mütləq Azərbaycan hökumətinin razılığı və icazəsi ilə olmalıdır. Ümumiyyətlə isə Rusiya sülhməramlılarının müvəqqəti onların nəzarətində olan Azərbaycan ərazilərinə “humanitar yardım” çatdırılmasına şərait yaratmaq səlahiyyəti yoxdur. Bu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin səlahiyyətində olan məsələdir. 

Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə “Şərq”ə deyib ki, yük maşınlarından ibarət olan bu yardım birbaşa separatizmə dəstək və İranın Azərbaycanın ərazi bütövlüyünü pozmasıdır. Analitik qeyd edib ki, rəsmi Tehran ilk növbədə Azərbaycandan icazə almalı idi:

“Heç bir ölkə Laçın dəhlizindən icazəsiz keçə bilməz. Keçərsə, Azərbaycanın ərazi bütövlüyünü pozmuş olar. Kim qarantiya verə bilər ki, İran maşınlarında separatçı ermənilərə silah gətirilməyib?! Ona görə də Laçın dəhlizində mütləq öz postumuz qurulmalıdır. Rusiya sülhməramlıları da İran tırlarını Azərbaycan ərazisinə buraxmaqla razılaşmanı pozur. Üçtərəfli sazişə əsasən, xarici ölkə vətəndaşları Laçın dəhlizindən buraxılmamalıdır. Göründüyü kimi İran və Rusiya koordinasiyalı şəkildə ermeni separatçılarına logistik dəstək verir. İrana nota verilməlidir. Həmçinin, Rusiyadan konkret tələb edilməlidir ki, sülhməramlı qüvvələrin fəaliyyətində korrektler etsin. Əks təqdirdə ilin sonunda Qarabağı tərk etsinlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu