Elman Rüstəmovun heç vecinə deyil

"Məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir"

"Belə qadağalar normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil. Bu cür addımlar milli valyutanı devalvasiyaya uğradır, investorlar ölkədən qaçır"


Mərkəzi Banka dair mütəmadi gündəmə gətirilən problemlərdən biri də qurumun Azərbaycana xarici sərmayə qoyuluşuna maneçilik törətməsi ilə bağlıdır. İqtisadçı-alim Qubad İbadoğlu da ötən gün bu məsələyə münasibət bildirib. Ekspert vurğulayıb ki, ötən ilin əvvəlindən başlayaraq, hər bir Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi. Yəni 12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı.

Onlara tezliklə balansın sıfırlanacağı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi. Lakin 12 aylıq müddət başa çatsa da, limiti aşan vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır.

İqtisadçının sözlərinə görə, belə yanaşma əhali arasında dollar ajiotajı yaradır, qara valyuta bazarları yenidən aktivləşir, həm də devalvasiya söhbətləri çoxalır. Q.İbadoğlunun fikrincə, Mərkəzi Bank bununla əhalinin dollara tələbatını süni surətdə aşağı salır. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında deyib ki, Mərkəzi Bank tamamilə qanunsuz, məntiqsiz qaydada ölkədə dollar satışına mənasız qadağalar, məhdudiyyətlər qoyub. Ekspert bildirib ki, məntiqsiz qadağalar bir yana, Bank bir il müddətindən sonra vətəndaşların limitini də sıfırlamaq istəmir:

“Vətəndaşlar bundan əziyyət çəkir, Elman Rüstəmovun isə heç vecinə deyil. Belə qadağalar normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil. Bu cür addımlar milli valyutanı devalvasiyaya uğradır, investorlar ölkədən qaçır.

Əgər mənim 11 min 700 dollarlıq limitim dolubsa, qardaşımın, bacımın, qonşumun, dost-tanışımın şəxsiyyət vəsiqəsini götürüb gedib dollar alacam.

Bu da mümkün olmasa, qara bazardan alacam. Yəni bu tipli məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir. Belə qərarlarla manatın məzənnəsini saxlamaq cəhdi tam fiaskodur. Əksinə, məzənnənin daha sərt oynamasına səbəb olacaq. Dünyada iki məsələnin – pulun və ideyanın qarşısını inzibati yolla almaq mümkün deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu