Paşinyandan Sarkisyana xəbərdarlıq: “Seçkilərə müdaxilə etsə...” - Rənglər tündləşir

“...Gələcək siyasi karyerasının üstündən xətt çəkiləcək”


Ermənistan prezidenti Armen Sarkisyana cinayət işi açılıb. Buna səbəb A.Sarkisyanın ikili vətəndaşlığının olması faktını gizlətməsidir. Belə ki, o, prezident seçilərkən Ermənistanla yanaşı, Böyük Britaniya vətəndaşlığı da olub.Martın 30-da Ermənistanda 53 vəkil prezident Armen Sarkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar cinayət barədə hesabat təqdim edib. Xüsusi İstintaq Xidməti cinayət işi qaldırmaqdan imtina etdiyi üçün vəkillər apelyasiya şikayəti veriblər.

Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan Baş Prokurorluğun faktla bağlı istintaqa başladığını bildirib.“Baş Prokurorluq bizim şikayətimiz əsasında Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) üzrə işə başlayıb”, - Zöhrabyan qeyd edib.

Göründüyü kimi, növbədənkənar seçkilər ərəfəsində Ermənistandakı daxili vəziyyət heç də ürəkaçan deyil.



 Politoloq Natiq Miri rəsmi İrəvandakı daxili vəziyyətlə bağlı “Sherg.az”a danışdı: 

“Fikrimcə, bu, Sarkisyanın Paşinyana qarşı tutduğu mövqeylə bağlıdır. Çünki bir çox məsələlərdə, o cümlədən keçmiş baş qərargah rəisinin işdən çıxarılmasında Sarkisyanla Paşinyan arasında fikir ayırılığı var idi. Prezidentin ikili vətəndaşlığı barədə məsələnin məhz indi üzə çıxması təsadüfi deyil. Məqsəd Ermənistan ictimai rəyində Sarkisyanın imicini aşağı salmaqdır. Prezident qeyri-rəsmi olsa da seçkilərə təsir edə bilər. Odur ki, Paşinyan bu addımla Sarkisyana xəbərdarlıq etdi: əgər o, seçkilərə müdaxiləyə çalışsa, gələcək siyasi karyerasının üstündən xətt çəkiləcək”.

N.Mirinin fikrincə, baş verənlər siyasi idarəetməyə təsir etməyəcək: 

“Seçkilər Paşinyanın istədiyi kimi nəticələnsə, Sakisyanla bağlı ciddi problemlər qalmayacaq. Onsuz da prezident məhdud səlahiyyətlərə məxsusdur. Konstitusiyaya görə idarəçilikdəki əsas rol baş nazirin öhdəsindədir. Yəni Sarkisyanla bağlı ciddi boşluq yaranmayacaq. Ona görə ki, Paşinyan istefa versə də, baş nazir səlahiyyətlərini hələ də icra edir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu