Professor fərqli düşünür: Hər uşağa “Polad” adını vermək olmaz

“Çünki dünyaya gələn bu uşaqlar içində gələcəkdə narkomanı da ola bilər”

“Hesab edirəm ki, şəhidlərimizin yaxın qohumları onların adını yeni dünyaya gələn körpələrinə qoya bilər”


Bu ilin ilk 4 ayında doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub. Uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artıb.
Cari ilin yanvar-aprel aylarında yeni doğulan 99 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və cari ilin dörd ayında əvvəlki illərlə müqayisədə kəskin artıb.

Yəni ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.Bununla yanaşı, bu ilin dörd ayında 18 uşağa Xudayar adı verilib.

Bu ad ötən il ərzində isə cəmi 3 nəfərə qoyulub. 2018-ci ildə cəmi bir uşağa Xudayar adı verilmişdisə, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmayıb.

Uşaqlara ad verməyin adi bir məsələ olmadığını söyləyən tanınmış dilçi-alim, professor Adil Babayevin “Sherg.az”a açıqlamasına görə, gərək insana elə ad qoyulsun ki, uşaq böyüyəndə utanmasın:

“Məsələn, bir xanıma Paket adını qoymuşdular. Həsənova Paket. Bu, düzgün deyil. Uşağa ad qoyanda onun gələcəyi düşünmək lazımdır.Polad Həşimov bütün Azərbaycanın ürəyini yaraladı. Amma hər bir uşağa da Polad adının verilməsi düzgün deyil. Çünki dünyaya gələn bu uşaqlar içində gələcəkdə narkomanı da ola bilər. Allah bütün şəhidlərimizə rəhmət etsin. Hesab edirəm ki, şəhidlərimizin yaxın qohumları onların adını yeni dünyaya gələn körpələrinə qoya bilər”.

A.Babayevin qənaətincə, Respublikanın hər yerində “Polad” və “Xudayar” adının təkrar-təkar qoyulması yaxşı hal deyil:

“Çünki həmin adlar qoyulan körpələr gələcəkdə düz yolun yolçusu olmaya bilərlər və şəhidlərimizə hörmətsizlik olar. Məsələn, Polad Həşimovun adı bir uşağa qoyulur və onun adı gələcəkdə istintaq orqanlarında çəkiləcək. Ona görə də belə adların kütləvi halda qoyulması düzgün deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu