Bayden səhvini kompensasiya etdi:““907-ci düzəliş”in qüvvədən düşməsi...”

“...Ermənilər üçün “soyuq duş” effekti yaratdı”

"Türkiyə və Azərbaycanla münasibətləri korlamaq istəmir”

“Anladılar ki, ABŞ üçün əsas məsələ Azərbaycan və Türkiyə ilə əməkdaşlığı qorumaqdır”



ABŞ Prezidenti Co Baydenin administrasiyası “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bir illik qüvvədən düşməsini təsdiqləyib. 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən “Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ prezidenti tərəfindən dayandırılır. Bir müddət “erməni soyqırımı” ifadəsini işlədən Baydenin indi belə addım atması təəccüb və maraqla qarşılanıb.

Məsələ barədə “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə isə burada təəccüblü bir şey yoxdur: 

“2001-ci ildə ABŞ-da terror aktı olanda Azərbaycan Vaşinqtona dəstəyini ifadə etdi. Bunun ardınca ABŞ həmin düzəlişi dondurmaq barədə qərar qəbul etdi. Əlbəttə, biz qərarın tamamilə ləğv olunmasını istərdik. Lakin konqres mühafizəkarlardan, ermənipərəstlərdən ibarət olduğuna görə bunu qəbul etmədi. Prezidentin isə düzəlişi dondurmaq səlahiyyəti var və imkanlarından istifadə edir. Əslində, bu, yeni addım deyil. Belə ki, Azərbaycan Əfqanıstan, İraq, Kosova əməliyyatlarında iştirak edib və ABŞ-ın xarici siyasətində yer alır”.

E.Şahinoğlunun fikrincə, Bayden sözügedən addımı ilə əvvəlki səhvini kompensasiya elədi: 

“Məsələ ondan ibarətdir ki, aprelin 24-də “erməni soyqırımı”nı tanıyan Bayden Türkiyə və Azərbaycanla münasibətləri korlamaq istəmir.

“Erməni soyqırımı” ifadəsi bir güllə idi. Bayden onu atdı və bitdi. “907-ci düzəliş”in qüvvədən düşməsinin təsdiqlənməsi isə ermənilər üçün “soyuq duş” effekti yaratdı.

Anladılar ki, ABŞ üçün əsas məsələ Azərbaycan və Türkiyə ilə əməkdaşlığı qorumaqdır. Ermənistan isə həmişə olduğu kimi yenə də fərqli dövlətlərin, o cümlədən ABŞ-ın əlində alətdir. Onlar nökərliyə öyrəşiblər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu