“NATO ilə tərəfdaşlıq heç vaxt zərərimizə olmayıb” - Təcrübələr qazandıq

Azərbaycan 1994-cü ildə mayın 4-də NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı”na qoşulub. Həmin vaxtdan 27 il ötür. Baş verənlər keçən müddətin ölkəmiz üçün səmərəli olduğunu göstərir. 44 günlük müharibə Azərbaycanın necə güclü və qüdrətli orduya sahib olduğunu bir daha bütün dünyaya göstərdi.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Azərbaycanın NATO ilə əlaqələri barədə “Sherg.az”a danışdı:

“Hadisələrə və əməkdaşlıqlara real baxmaq lazımdır. Mütəffiq münasibətlər ayrı, tərəfdaşlıq münasibətləri ayrı. Məsələn, Azərbaycanın ən böyük beynəlxalq və xarici-daxili siyasət məsələsi olan Qarabağ problemində Türkiyə örnəyində konkret dəstək görə bilmişdik. Çünki biz bu ölkə ilə tərəfdaş deyil, müttəfiqik. NATO isə tərəfdaşımızdır, biz onun üzvü deyilik. Sadəcə fərqli proqramlarda birlikdə tərəfdaşlıq edirik. Azərbaycan-NATO əlaqələri hələ 1992-ci ildən yaranmağa başlayıb. Ancaq həmin dövrlərdə Azərbaycanda ciddi siyasi xaos hökm sürürdü ki, bu beynəlxalq əməkdaşlıqlarımıza ciddi zərər verirdi. İlk ciddi müqavilə isə yanlız 1994-cü il, 4 May tarixində mümkün oldu.



O zaman Azərbaycan Qarabağda ciddi məğlubiyyətlər yaşamış, əraziləri işğal edilmişdi. Təsadüf olduğuna inanmıram ki, işğalı dayandıran və Ermənistan təcavüzünü durduran “Bişkek protokolu” və Atəşkəs razılaşması da məhz Azərbaycan-NATO “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq müqaviləsindən cəmi bir gün sonra baş tutdu. Çünki Moskvada yaxşı hesablamış olmalı idilər ki, Azərbaycana qarşı təcavüzü Rusiya dayandırmasa, Azərbaycan özünü müdafiə hüququnu istifadə edə bilər və tamamilə Qərbi seçə bilərdi. Ancaq NATO-nun Azərbaycan kimi tərəfdaşa düzgün qiymət vermədiyi hallar da var. Məsələn, Sülh Naminə Tərəfdaşlıq Proqramının 8-ci maddəsində “Tərəfdaşlığın hansı fəal iştirakçısı hesab etsə ki, onun ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə qarşı birbaşa qorxu mövcuddur, onda NATO tərəfdaşla məsləhətləşmə keçirəcəkdir” deyə nəzərdə tutulub.

Ancaq NATO bu maddəni nəinki yerinə yetirmədi, 1994-cü il oktayabrın 5-də Azərbaycandan sonra, hətta Rusiyanın NATO-ya alternativ qurduğu KTMT blokunun üzvü Ermənistan ilə eyni müqaviləni imzalandı. Digər tərəfdən, NATO-nun birinci gücü olan ABŞ hələ də Azərbaycana qarşı olan “907-ci düzəliş”inə düzəliş etməyib”.

 H.Səhrablının fikrincə, NATO ilə əməkdaşlıq xeyrimizədir:

 “Dediyim kimi, tərəfdaş münasibətlərdən müttəfiq hərəkət gözləmək lazım deyil. Hazırda dünyamız beynəlxalq dünya sistemi çərçivəsində siyasi münasibətlərə sahibdir. Ona görə də bütün güc mərkəzləri, hətta güclü olmayan mərkəzlərlə də tərəfdaşlıq və qarşılıqlı əlaqələr qurmaq labüddür. Belə konkret dəstək almasaq da, ən azından yeni düşmənlər qazanmaq halı sıfırlanır. Belə tərəfdaşın NATO olduğunu nəzərə alarsaq və NATO-Azərbaycan münasibətlərinin tarixinə baxarsaq, görə bilirik ki, NATO ilə tərəfdaşlıq heç vaxt zərərimizə olmayıb. Əksinə, bir çox nöqtələrdə Azərbaycan NATO proqramları çərçivəsində yeni təcrübələr əldə edib. NATO-nun əsas üzvlərindən birinin Türkiyə olduğunu da unutmamalıyıq. Azərbaycan Türkiyə hərbi bazaları nəzdində ilk dəfə NATO təlimlərinə cəlb edildi.

Türkiyənin belə bir güclü qurumda təmsil olunması ona əlavə güc verir ki, Vətən müharibəsi zamanı biz Türkiyənin həlledici dəstəyinin faydalarını gördük”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu