Dostluq parkı gözəl ideyadır

Seymur Verdizadə millət vəkilinin təşəbbüsünü təqdir etdi

Türkiyə-İsrail-Pakistana dövlət və xalq olaraq minnət borcumuzu ifadə etməyi bacarmalıyıq


Millət vəkili Fazil Mustafa Bakıda Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkının salınmasını təklif edib. Deputatın sözlərinə görə, İkinci Qarabağ savaşında üç dövlət Azərbaycana daha geniş miqyasda dəstək verib. Ona görə də bu dost dövlətlərə münasibət fərqli olmalıdır. Dövlət və xalq olaraq minnət borcumuzu ifadə etməyi bacarmalıyıq:

“Əfsuslar olsun ki, Azərbaycanda sosial şəbəkə seqmentində bəziləri Türkiyəyə, İsrailə, Pakistana, Əfqanıstana qarşı anti-təbliğat kampaniyası aparır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Bakıda salınan parkların birinə Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkı adı verilməlidir. Həmin parkda da bu ölkələrin bayraqları dalğalanmalıdır. Çünki bu, tarixdir, yaddaşdır”. 

Deputatın təklifini “Şərq”ə dəyərləndirən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə millət vəkilinin təşəbbüsünü təqdirəlayiq hesab edib. JAM rəhbərinin sözlərinə görə, bu təşəbbüs özlüyündə vəfa borcumuzu xatırladır:

“44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. Bu təkcə müharibə tarixi deyil, həm də qürur tarixidir. Tariximizin bu dövrünü əbədiləşdirmək şərtdir. Vətən müharibəsi Azərbaycan əsgərinin şücaəti, misilsiz qəhrəmalığı sayəsində qələbə ilə başa çatdı. Daxili faktorlar bizə məlumdur, özümüz şahidi olmuşuq. Sözsüz ki, bu qələbənin qazanılmasında xarici faktorların da müəyyən rolu var. Burada söhbət Azərbaycanın haqq işini dəstəkləyən, erməni təbliğatının təsiri alrına düşməyən dost dövlətlərdən gedir. Bu siyahıda Türkiyə, Pakistan və İsrail ön sırada yer alır. Çətin gündə bizi unutmayanları biz də unutmamalıyıq. Hesab edirəm ki, belə bir parkın yaradılmasına ehtiyac var. Məncə, bu istiqamətdə atılacaq növbəti bir addım isə işğaldan azad olunmuş bölgələrimizdə mərkəzi küçələrdən birinə bu dövlətlərin adını vermək olar. Məsələn, Türkiyənin Van vilayətində “Azərbaycan küçəsi” var. Niyə Cəbrayılda da “Türkiyə küçəsi” olmasın?! Şəxsən mən həmin küçədə qürurla addımlayaram”.