“Qazançı” kilsəsinin təmir olunması böyük hadisədir

Bu, Azərbaycanın dini və irqi fərq qoymadan bütün vətəndaşlara bərabər yanaşmasının göstəricisidir

Şuşada aparılan bərpa və yenidənqurma işlərinin qeyri-islam abidələri əhatə etməsi Azərbaycan dövlətinin və xalqının tolerantlığına əyani sübutdur. Məlumdur ki, hazırda Şuşada digər tarixi abidələrlə yanaşı alban xristian mədəniyyətinə aid “Qazançı” kilsəsi də təmir edilir. Bu barədə fikirlərini “Şərq”ə bildirən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı onlara tanınan konstitusion hüquqdur: 

- Bu gün dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız öz dini ritual və mərasimlərini azad şəkildə yerinə yetirə bilirlər. Biz Azərbaycanın multikultural ölkə olduğunu deyərkən bu zənginliyin içərisində fərqli dini və etnik mədəniyyətlərin mövcud olmasını və onların birgəyaşayış qaydası, yaxud həyat tərzi olduğunu ifadə etmiş oluruq. Ona görə də “Qazançı” kilsəsinin təmir olunması və ibadətə hazır vəziyyətə gətirilməsi ölkəmizin dini və irqi fərq qoymadan bütün vətəndaşlara bərabər yanaşmasının göstəricisidir. 

Millət vəkili qeyd etdi ki, bu, məsələnin yalnız bir tərəfidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda mövcud olan xristian dini abidələrinin mütləq əksəriyyəti başqa bir xalqa deyil, elə bizim xristian əcdadlarımıza mənsubdur: 

- Axı biz 4-7-ci əsrlərdə xristian dinini hətta dövlət səviyyəsində qəbul etmiş xalqıq. Bu bizim qüsurumuz deyil, tam əksinə, dinə mütərəqqi yanaşmamızdır. 4-cü əsrdə islam din kimi mövcud deyildi. Ona görə də biz dini-ideologiya kimi xristianlığı mənimsəmişik. 650-ci ildən sonra isə islam dinini qəbul etdik. Hazırda adından da göründüyü kimi “Qazançı” kilsəsi xristian türklərin, yəni xristian əcdadlarımızın bizə qalan mirasıdır. Sonralar haylar Azərbaycana köçürülərkən bizim xristian abidələrimizi özünküləşdirməklə dini tariximizi də saxtalaşdırdılar. Ona görə əslində biz həm dini tolerantlıq nümunəsi kimi həmin abidələrə öz münasibətimizi onları bərpa edərək göstərir, həm də xristian mədəniyyətinə ehtiram etdiyimizin nümunəsini ortaya qoyuruq. Qoy fərqli mədəniyyətləri xor görənlərə bu bir dərs olsun. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu