Ermənistanda qeyri-sabitlik davam edəcək

“Ermənistanda siyasi tənəzzülün növbəti mərhələsi başlanıb. Hökumətin istefası, baş nazirin seçilməməsi parlament və hakimiyyət böhranının mövcudluğundan xəbər verir. Bütövlükdə isə növbədənkənar seçkilər ərəfəsində və Nikol Paşinyanın istefası fonunda müşahidə olunan xaos vəziyyəti bir-biri ilə mübarizə aparan qüvvələr arasında siyasi qarşıdurmanın artmasını şərtləndirir”.
Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq bildirib ki, sadalananlardan əlavə, siyasi krizis, əsas etibarilə, bir neçə istiqamətdə özünü göstərir:

“Birincisi, Paşinyanın komandası daxilində dərinləşən fikir ayrılıqları fonunda gərginlik artır. Yəni bu komanda növbədənkənar seçkilərə monolit qüvvə kimi getməkdə çətinlik çəkir. İkincisi, müxalif qüvvələrin hakim komandaya qarşı resursları səfərbər etmək və vahid mövqedən çıxış etmək imkanları zəifləyib. Bu, əsasən müxaliflər arasındakı siyasi eqo savaşı və ambisiyalarla bağlıdır. Üçüncüsü, vətəndaşlar həm iqtidar düşərgəsinə, həm də müxalif qruplaşmalara inan və etimad bəsləmirlər. Mənfi emosiyalarla yüklənən seçicilər siyasi kampaniyaya etinasız və laqeyd münasibət göstərirlər. Bu, həm də məğlub ölkədəki ağır sosial-iqtisadi vəziyyətlə əlaqədardır. Dördüncüsü, Ermənistanda ekspertlər növbədənkənar seçkilərin leqallığı və legitimliyinə dair ciddi şübhələr ifadə edir. Həmçinin seçki öncəsi mühitin antidemokratik olduğunu vurğulayırlar. Beləliklə, Ermənistanda siyasi qeyri-müəyyənlik hökm sürür. Sürüşkən müstəvidə cərəyan edən proseslər məğlub ölkəni yeni kataklizmlərə doğru sürükləyir”.
N.Qələndərli əlavə edib ki, növbədənkənar seçkilərin nəticələrindən asılı olmayaraq, Ermənistanda qeyri-sabitlik və tənəzzül yenə də davam edəcək. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu