NATO-nun böyük təcrübəsi var

Tərəfdaşlıq proqramında iştirak Azərbaycan hərbçilərinin peşəkarlığını artırır

"1994-cü ildə mayın 4-də Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramının üzvü olmuşdur. Ötən müddət ərzində bu proqram sayəsində Azərbaycan ilə NATO arasında əməkdaşlığın möhkəm  təməlləri formalaşmışdır. Ümumilikdə bu, proqramın formalaşması SSRİ dağılandan və Varşava hərbi bloku süquta uğrayandan sonra olmuşdur. Yəni soyuq müharibədən sonrakı dövrdə keçmiş sovet respublikalarında daha çox müstəqilliyə, demokratiyaya, müxtəlif islahatlara doğru atılmış bir addım idi.  Qeyd edim ki, ABŞ-ın eks prezidenti Bill Klinton 1994-cü ilin yanvarında NATO-nun Brüsseldə keçirilən tarixi zirvə toplantısında “Sülh Naminə Tərəfdaşlıq” Proqramı ilə bağlı təşəbbüslə çıxış etdi. Bir sıra Şərqi və Mərkəzi Avropa dövlətlərinin NATO-nun örtüyü altına keçməsi və beləliklə də, ABŞ-ın Avropada mövqelərinin möhkəmləndirilməsinə xidmət edən proqram, ümumillikdə bütün postsovet məkanını əhatə etmiş oldu"
 
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq vurğulayıb ki, proqramın başlıca funksiyası Şərq ölkələri ilə NATO arasında əməkdaşlığı möhkəmləndirmək, eləcə də Qərb birliyinə yeni demokratik dövlətlər cəlb etməkdir:

"Demokratik dövlətlər cəlb edilməsi, liberal dəyərlərin və demokratiyanın Avropa məkanında təzahür etməsi ilə nəticələndi. Şərqi və Mərkəzi Avropa ölkələri bu proqramda tərəfdaş olmaq üçün iştirak etmək arzularını ifadə etdilər.

Daha çox bu proqram sayəsində NATO-ya üzvlük üçün ilkin kontorların formalaşması prosesi həyata keçirilirdi. NATO-ya üzv olmaq istəyən ölkələr öz növbəsində bir sıra vacib şərtlərə əməl etməli  və öz üzərlərinə mühüm öhdəliklər götürməli idilər. Sənədin ilkin formasında qeyd olunurdu ki, gələcək yeni üzvlər  demokratik prinsiplərə və  insan hüquqlarına hörmətlə yanaşmalıdırlar.

Qanunun hakimiyyətinə və münaqişələrin dinc yolla nizamlanmasına, milli sərhədlərin toxunulmazlığına sadiqliyini nümayiş etdirəcəklər. Həmin dövrdə olan mənbələrlə tanış olanda görürük ki, daha çox burada Polşa, Çexiya, Macarıstan, Slovakiya və Baltikyanı respublikalar bu proqramda iştirak etmək üçün xüsusi canfəşanlıq göstərirdilər.

İştirakçı ölkələr NATO qüvvələri ilə birgə hərbi planlaşdırma, taktiki hazırlıq, manevr sahəsində işgüzar əlaqələri inkişaf etdirirdilər. Bu onlara imkan yaradırdı ki, NATO-nun tamhüquqlu üzvü olsunlar. Daha sonrakı siyasi, hərbi məsləhətləşmələrdə fəal siyasi dialoq həyata keçirilirdi. Proqramın bir nömrəli əsas hədəfi Rusiyanın mövqelərinin daha da zəiflədilməsi idi. ABŞ başda olmaqla Qərb bu proqramla Rusiyanın SSRİ  süqutundan sonra qalmış bütün nüfuz dairəsini zəiflətməyə çalışırdı.

Ötən müddət ərzində “Sülh Naminə Tərəfdaşlıq” Proqramı Qərb üçün Avropada sülhə, sabitliyə və inteqrasiyaya gedən yolun bir hissəsi hesab olunur. Avropada yaranmış təhlükəsizlik boşluğu NATO və digər Avroatlantik strukturlarının sürətli inteqrasiyasının mühüm bir mərhələsidir. Azərbaycan da NATO və Avroantlantik strukturlarına inteqrasiya nöqteyi-nəzərdən “Sülh Naminə Tərəfdaşlıq” Proqramında iştirak edir". 

İ.Hüseynov qeyd edib ki, bu proqramda iştirak Azərbaycana  hərbi siyasi sahədə mühüm qazanclar gətirir:

"Bu proqram çərçivəsində əməkdaşlıq ölkəmizin də NATO-ya daxil olmaqla gələcəkdə Avroantlantik məkana tam inteqrasiya olunmasında mühüm rol oynayacaq. Qeyd edim ki, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı ilə əlaqədar olaraq müxtəlif ölkələrdə keçirilən layihələrdə və tədbirlərdə azərbaycanlı zabitlər, hərbi qulluqçular uğurla fəal iştirak edirlər.

Və Azərbaycan rəhbərliyi də son illər ərzində  NATO-nun zirvə toplantılarının işində də  yüksək səviyyədə təmsil olunmuşdur. Gələcəkdə də Azərbaycan bu nüfuzlu qurumla əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsində maraqlıdır. Lakin "Sülh Naminə Tərəfdaşlıq” Proqramı, eləcə də NATO ilə Azərbaycan arasında  münasibətləri təhlil edərkən önəmli bir məsələyə də diqqət yetirmək lazımdır. Bu ondan ibarətdir ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. 

Bu hərəkata üzvlük Azərbaycanı hər hansısa siyasi-hərbi bloklardan kənarda tutmağa sövq edir. Buna görə də Azərbaycan daha çox bu sahədə dünyada gedən hərbi blokların qarşıdurmasından öz milli maraqlarını güdərək daha çox kənarda durmağı düşünür. Bu da zaman keçdikcə özünü doğrultdu.

Azərbaycanın çox rasional və praqmatik siyasət həyata keçirdiyinin nəticələrini biz müşahidə etdik. Azərbaycan Qoşulmama Hərəkatının hazırda sədridir və qlobal təşəbbüslərə imza atılıb. Bu hərəkatın üzvlüyü Azərbaycana həm də Vətən müharibəsində müəyyən qazanclar gətirdi. Xatırladım ki, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul etmək istəyirdilər. Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədilər.

Beləliklə, beynəlxalq ədalətin bərqərar olması istiqamətində öz töhfələrini verdilər. Lakin buna baxmayaraq, Azərbaycan öz silahlı qüvvələrinin modernləşdirilməsində və müasir standartlara cavab verən ordunun peşəkarlığının artırılmasında maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4 saatlıq müsahibəsi zamanı da bildirmişdir ki, Azərbaycan türk ordusunun kiçik bir modelini qurmaqda maraqlıdır.

Bu bizim sərhədlərimizin toxunulmazlığını  və etibarlı şəkildə qorunmasını təmin edəcək. Azərbaycan həm də hər zaman öz hərbiçilərinin və vətəndaşlarının təhlükəsizliyini, sağlamlığını qorumaq istiqamətində güclü orduya sahib olmalıdır. Bu ordu həm dağlıq şəraitdə əməliyyat tapşırıqlarının yerinə yetirilməsi, həm çətin relyefdə antiterror əməliyyatlarının həyata keçirməsi istiqamətində effektiv və səmərəli şəkildə özünü göstərməlidir.

Bu baxımdan NATO-nun böyük bir təcrübəsi var və "Sülh Naminə Tərəfdaşlıq” Proqramında iştirak Azərbaycanda hərbiçilərin peşəkarlığının artırılması üçün mühümdür. Həmçinin müasir texnologiyaların tətbiqi və müasir silahlanmaya daxil edilən silahlardan istifadə və digər mühüm komponentləri öz silahlı qüvvələrimizdə istifadə etmək imkanlarını qazandırır. Bu nöqteyi-nəzərdən "Sülh Naminə Tərəfdaşlıq” Proqramı Azərbaycan ordusunun modernləşdirilməsində mühüm rol oynayır.  Bu proqram sayəsində Azərbaycan bir sıra təcrübələrə də yiyələnmişdir. Bu təcrübə də bizə Vətən müharibəsində çox böyük köməklik etdi".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu