Paşinyanın güvəndiyi böyük güc var

O, sübut etmək istəyir ki, normal seçki vasitəsi ilə rahatlıqla seçilə bilər 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Mikael Ambartsumyan və onun həmkarları ictimai təşkilat yaradıblar. “Qraparak” nəşrinin xəbərinə görə, təşkilata xidmətin sabiq əməkdaşları, yüksək rütbəli zabitlər üzv olacaqlar. İctimai təşkilatın yaradıcıları Ermənistan MTX-nin direktorunun sabiq birinci müavini, general-leytenant Qrant Yepiskopyan, eks-müavini, general-leytenant Vrej Arzumanyan və polkovnik Mikael Ambartsumyandır.


Təşkilatın Şurasının üzvləri sırasına, həmçinin MTX-nin digər sabiq direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan da daxildir. Ötən şənbə günü adı çəkilən şəxslər iclas keçiriblər. İclasın gedişi zamanı Qrant Yepiskopyan təşkilatın şurasının sədri seçilib. Ambartsumyan Yepiskopyanın təşkilatının sədri seçilməsinə də aydınlıq gətirib: “Biz hərbi subordinasiyaya hörmət edən adamlarıq. Qrant Yepiskopyan – general-leytenantdır və təbii ki, o, şuraya rəhbərlik etməlidir”. Mayın 7-si təşkilat mətbuat konfransı keçirəcək və öz proqramını, fəaliyyət hədəflərini açıqlayacaq. Xatırladaq ki, bir neçə gün əvvəl sabiq prezident Serj Sarkisyanın partiyası da MTX-nin sabiq rəhbərləri ilə əməkdaşlıq etdiyini, onlarla birlikdə seçkiyə qoşulmaq istəyir. Yəni görünən odur ki, müxalifət və hökumətdən narazı yüksək rütbəli hərbçilər Paşinyana qarşı bir koalisiya yaratmağa çalışırlar. 

Ermənistanda yaşanan daxili prosesləri “Şərq”ə təhlil edən siyasi şərhçi Turan Rzayev vurğulayıb ki, seçkiqabağı bu tipli siyasi cəbhələşmənin olması gözləniləndir. Ekspertin sözlərinə görə, xüsusən qiyamçı hərbçilərlə keçmiş prezidentlərin ortaq hərəkət edəcəyi ehtimalı böyük idi:

“Nikol Paşinyan ölkədəki qərbmeyilli partiyalarla koalisiya yaratmaq yolunu tutub və bir sıra siyasi təşkilatlarla ortaq hərəkət etmək qərarı alıb. Təbii ki, belə məqamda müxalifətin ortaq axtarışına çıxması, tərkibi genişləndirmək cəhdi başadüşüləndir. Amma əsas məsələ bu cür birliyin Paşinyan qarşısında nə dərəcədə effektiv olacağı ilə bağlıdır.

Əlbəttə, yeni seçiləcək parlamentdə bütün partiyaların qərbyönlü olacağını iddia etmək absurd olardı. Şübhəsiz ki, parlamentdə müxalifəti təmsil edən qüvvələr yer alacaq. Əvvəlki qədər olmasa da, “Qarabağ klanı”nın da dəstəkçiləri var. Lakin ümumi vəziyyət dəyişməyəcək. Çünki ölkədə seçkilərin nəticəsinə təsir edəcək ciddi hadisə və ya fəaliyyət yoxdur”. 

Analitikə görə, ehtimallar Paşinyanın seçkini udacağı yöndədir:

“Baş nazirin tərəddüd etmədən özxoşuna istefa verməsi və yenidən seçkiyə hazırlaşması göstərir ki, güvəndiyi böyük güc var. Vaxtı ilə inqilab yolu ilə hakimiyyətə gəlsə də, indi sübut etmək istəyir ki, normal seçki vasitəsi ilə rahatlıqla seçilə bilər. Paşinyanın seçkidən qalib çıxması isə Yerevanın daha çox Qərbə istiqamətlənmiş siyasət aparacağı anlamına gəlir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu