İlham Əliyev və Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzaladılar

Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat edib.

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. O, Ağdaş şəhərində orta məktəbi bitirib, 1953–1957-ci illərdə Bakı dəmir yolu texnikumunda oxuyub və 1957–1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində işləyib.

Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət Qoca 1959–1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb, Bakıya qayıtdıqdan sonra 1964–1965-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, 1967–1970-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, 1970–1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsul katib, 1978–1987-ci illərdə “Azərbaycan” jurnalında şöbə müdiri və 1987–2004-cü illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışıb. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2004-cü ildən birinci katibi olub.

Fikrət Qoca Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırıb, mühüm hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın daxili aləminin dolğun təsvirinə nail olub. Mənəvi ucalığa və mənalı yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə sevdirib. Şairin bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edib. Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin repertuarında geniş yer tutur.

Fikrət Qoca istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlayıb. Onun xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır.

Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını alıb, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Anar Rzayev

Çingiz Abdullayev

Nəriman Həsənzadə

Elçin Əfəndiyev

Sabir Rüstəmxanlı

Rəşad Məcid

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu