Qaribaşvilinin səfərindəki GİZLİNLƏR:“Zəngəzur dəhlizi əndişəsi...” - "Pərdə" çəkilir

“Düşünürlər ki, bu dəhliz açıldıqdan sonra Gürcüstanın strateji əhəmiyyəti azalacaq”

“Fikrimcə, bu, yenə də iki ölkənin dostluq və qardaşlığını istəməyən qüvvələr tərəfindən ortaya atılmış növbəti provoksiyadır”


Bu gün Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana gəlib. Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Baş naziri qəbul edib. Ölkə başçısı iki ölkə arasındakı münasibətləri diqqətə çatdırıb:
“Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir.

Bizim enerji və nəqliyyat layihələri kimi birgə layihələrin icrası üzrə yaxşı tariximiz var. Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir”. 

Azərbaycan Prezidentinə təşəkkürlərini bildirən İ.Qaribaşvili deyib:

“Sizinlə yenidən Bakıda görüşmək böyük məmnuniyyət və şərəfdir. Şadam ki, bu gün Bakıdayıq. Siz qeyd etdiniz ki, bizim mükəmməl münasibətlərimiz var və münasibətlərimiz əsrlər boyu davam edir. Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik. Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim”.



Gürcü nazirin səfərini “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev vurğulayıb ki, son illər iki ölkə arasındakı əlaqələr ənənəvi olaraq qonşuluq, dostluq və qardaşlıq müstəvisindən xeyli uzaq düşüb:

“Bəzi problemlər var. Bunların da böyük əksəriyyəti süni yaradılmış problemlərdir. Yəni bu problemi yaradanlar xaricdəki xüsusi xidmət orqanlarına çalışanlardır. Gürcüstan-Azərbaycan münasibətərində ən böyük problemi ilk növbədə kilsələr yaradır. Vaxtaşırı olaraq gah David Qarace kilsəsi ilə bağlı sərhədlərin delimitasiyası, gah da Nəriman Nərimanovun heykəlinin sökülməsi məsələsi gündəmə gəldi. Gürcüstanda xaricdən maliyyələşən və xüsusi xidmət orqanlarına bağlı olan partiyalar və siyasətçilər var.

Məsələn Gürcüstanda “Vətənpərvərlər İttifaqı” adlı partiya nümayəndələri xaricdəki xüsusi xidmət orqanlarından maliyyələşirlər və iki ölkə arasındakı münasibətləri kəskinləşdirməyə çalışırlar. Bir neçə gürcü ictimai-siyasi xadimi də bu yoldadır və iki ölkənin əlaqələrinə daimi zərər vurur. Lakin belə olmalı deyil”.

Analitik qeyd edib ki, Azərbaycan tarixin ən çətin vaxtlarında, Gürcüstanın Rusiya tərəfindən işğalı vaxtı Gürcüstana təbii qaz verirdi:

“Dövlətimiz Gürcüstana müxtəlif yardımlar edib. Hətta bu yaxınlarda koronavirusla əlaqədar olaraq Gürcüstanı oksigen balonları ilə təmin etdik. Belə bir dövrdə qonşu ölkə ilə münasibətlərimiz daha fərqli səpkidə olmalıdır.

Gürcü sərhədçiləri tərəfindən Azərbaycan ictimaiyyətindəki Gürcüstanın irqçi, faşist partiya və siyasi xadimləri tənqid edən insanların pasportlarına ölkəyə giriş qadağası qoyulur. Həmin vətəndaşlarımızın Gürcüstanda nə qədər qohumları və ailə üzvləri yaşayır. Onların hüzn və toy mərasiminə gedə bilmirlər. Bu nə qədər qeyri-insani, dostluqdan, qardaşlıqdan və mehriban qonşuluq siyasətindən uzaq məsələdir. Düşünürəm ki, bu problemlər son bir neçə ildə iki ölkə arasında şiddətlənib, artıq müttəfiqlik və partnyorluq münasibətlərindən çox uzaqdır. Məhz buna görə də Gürcüstanın Baş naziri bu münasibətləri hansısa şəkildə səhmana salmaq üçün ölkəmizə gəlib. Çünki münasibətlər yenidən dostluq-qardaşlıq, müttəfiqlik və qonşuluq formasına qayıdacaq kimi görünmür”.

T.Rzayevin qənaətincə, Gürcüstanı narahat edən digər məsələ Zəngəzur dəhlizdir:

“Düşünürlər ki, bu dəhliz açıldıqdan sonra Gürcüstanın strateji əhəmiyyəti azalacaq. Fikrimcə, bu, yenə də iki ölkənin dostluq və qardaşlığını istəməyən qüvvələr tərəfindən ortaya atılmış növbəti provoksiyadır. Çünki  bütün enerji xətlərimiz, Bakı-Tbilisi-Ceyhan, xüsusilə Bakı-Ərzurum qaz kəməri, TANAP, TAP-hamısı Gürcüstan üzərindən nəzərdə tutulub. Yəni boru xətlərinin yerini dəyişəsi deyilik. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilir. Bu xəttin tamamlanması üçün Gürcüstana milyardlarla kredit vermişik.

Əslində indiyə qədər Bakı-Tbilisi-Qarsın fəaliyyətinə maneəçilik ən çox Gürcüstan ərazisində idi. Gürcüstan hökməti çalışıb bu durumu sürətləndirməlidir ki, dəmir yolu xəttinin inşası tamamlansın, məhz cənubdan Naxçıvana əlavə dəmir yolu xətti çəkməyimizə ehtiyac qalmadan həm Bakıdan Gürcüstana, həm də Azərbaycandan-Türkiyəyə gedən yol fəaliyyət göstərsin.

Zəngəzur koridorunun işə salınması Gürcüstanın tranzit əhəmiyyətini azaltmayacaq. Məqsədimiz Çindən Avropaya, Avropadan-Çinə gedən nəqliyyat dəhlizinin  Cənubi Qafqazdan keçməsidir. Belə olan halda nəinki daşınmalar və tranzit yükləri azalacaq, həmçinin Bakı-Tbilisi-Qars, həm də Zəngəzur üzərindən dəfələrlə artacaq.

Əslində Gürcüstan Azərbaycan və Ermənistanla olan münasibətindən istifadə edib daha çox barışdırıcı rolunu oynamalı, nəinki kommunikasiya xətlərinin açılmasından narahat olmalıdır. Düşünürəm ki, Qaribaşvilinin səfərində məhz bu nüanslar müzakirə olunacaq. Səfərin məqsədi də budur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu