Azərbaycan və Gürcüstan XİN başçıları sərhəd məsələsini müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan gürcüstanlı həmkarı David Zalkaliani ilə Gürcüstan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparıb.
APA-nın yerli bürosunun xəbərinəm görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı komissiyanın pandemiya səbəbi ilə fasilə verilən işinin davam etdirilməsinin mümkünlüyü qeyd olunub.
Hər iki nazir qısa müddətdə komissiyanın iclasını çağırmaqla bağlı razılıqlarını və istəkli olduqlarını ifadə ediblər.
Qeyd olunub ki, bu məsələ müvafiq komissiyanın fəaliyyəti çərçivəsində Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrinə və hər iki ölkənin maraqlarına uyğun şəkildə həllini tapmalıdır.

XİN başçıları, həmçinin Gürcüstan və Azərbaycan arasındakı müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlıq əlaqələrinin olmasını, bu kontekstdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının effektivliyini xüsusi vurğulayıblar.

Görüş zamanı strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin və keyfiyyətcə yeni mərhələyə çatdırılmasının hər iki ölkə üçün yüksək prioritet olduğu və Gürcüstanın Baş nazirinin Azərbaycana hazırkı səfərinin məhz buna xidmət etdiyi qeyd edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu