Təyyarə misalı... - Kənan Novruzov yazır

 Ən azı bir dəfə təyyarəyə minən hər kəsə bu situasiya yaxşı tanışdır: havaya qalxmaq çətin olur. Sürətin qəfil dəyişməsi, qulaq deşən uğultu səsləri insanı narahat edir, stressə salır. Həyəcanına hakim kəsilə bilmirsən. Necə deyərlər, ürəyin ağzına gəlir. Kiçik pəncərədən çölə baxdıqca qorxun bir az da artır- tədricən yerdən uzaqlaşırsan. 
...Amma başqa yolunun olmadığı da məlumdur: iradəni toplamalı, ehtimal edilən təhlükələrə hazır olmalısan. Odur ki, tutacaqlardan möhkəm yapışır, kresloya söykənirsən...
 Təyyarə tədricən lazım olan yüksəkliyə qalxır. Qorxudan yumduğun gözünü açırsan. Rahatlayırsan. Ürəyində "Şükür, qorxduğum başıma gəlmədi" dəyirsən. Özünü göyün yeddinci qatında, lap, az qala, Tanrı qatında hiss edirsən. Aşağı baxırsan, hər şey ayağının altındadır, hər şey gözünə çox xırda görünür. Bir müddət əvvələdək gözünə dağ kimi gələn binalar indi nöqtə boydadırlar. Hətta, elə bilirsən ki, onların yerini də dəyişməyə, istədiyin kimi tənzimləməyə qadirsən. 
 Sonra bələdçilər yaxınlaşırlar. Səninlə təyyarədə sanki səndən başqa kimsə yox imiş davranırlar. Xoşuna gəlir, bayaq keçirdiyin narahatlığa görə özünü danlayırsan, utanırsan. 
 Səyahətin nə vaxtsa yekunlaşacağını adın kimi bilirsən. Amma özünü rahatlığa öyrəşdirməkdən də çəkinmirsən. Çünki təyyarənin sənin düşündüyündən də yüksək sürətlə hərəkət etdiyinə əminsən. Üstəgəl, daxili tərəddüdlərin pilotu maraqlandırmır. 
... Arada bir az yatırsan. Oyananda səyahətin hələ bitmədiyini görüb sevinirsən. Stüardessalar istəklərinlə maraqlanır, sənin daha rahat olmağına çalışırlar. Etiraz etmirsən, kobud cavab vermirsən. 
 Vaxt ötdükcə hər şey daha gözəl olur, rahatlığa daha çox öyrəşirsən. Yenə də sonunun nə vaxtsa olacağını bilə- bilə səfərin daha uzun çəkməyini arzulayırsan. 
... Pilotun qəfil xəbərdarlığı salonu bürüyür.  Çaş- baş qalırsan. Nə olduğunu bilmirsən. "Həqiqətən, bura qədər imiş?" deyə öz- özünə düşünərkən bələdçilər yenə yaxınlaşırlar. "Kəmərlərinizi bağlayın, kreslonuzu düzəldin" deyirlər. Bayaqdan bəri üzlərindən təbəssüm əskik olmayanlar sanki indi ciddiləşiblər. Nəsə soruşmaq istəyirsən, ancaq bacarmırsan.

 Saatlar əvvəl qulağını batıran uğultu yenə eşidilir: təyyarə yüksək sürətlə aşağı düşür. Hərdən bir qalxır, amma sonradan daha çox yaxınlaşır yerə. 
 İşçilər təhlükəsizlik qaydalarını izah edirlər. "Qəza halları baş verdikdə..." sözləri ilə başlayan cümlələr sanki səni yuxudan oyadır.

Səfərin ilk dəqiqələrində olduğu kimi, gözünü yumur, kreslonun tutacaqlarından yapışırsan. Gedib pilotun qulağına pıçıldamaq istəyirsən ki, nə olar, yenidən yuxarı qalx. Fəqət, bunun sənin istəyinlə olmayacağını bilirsən. Və belə düşüncələrlə ancaq özünü aldatdığını anlayırsan: hələ təyyarəyə bilet alanda hara, niyə getdiyini və səfərin müəyyən müddət çəkəcəyini bilirdin. Buna baxmayaraq, nəyəsə ümidlənirsən.  Fikirlərinin pilotu, stüardessaları düşündürəcəyini güman edirsən. Ta ki, təyyarənin təkərləri yerə sürtülənədək. Yalnız onda anlayırsan: mənzil başına sağ çatdığına görə şükür etməli və ləngimədən təyyarədən çıxmalısan. Çünki səni gözləyənlər var...

 Pilot hər şeyin yaxşı olduğunu və digər sərnişinlər kimi səni də növbəti səyahətdə görmək arzusunu ifadə edir. Deməyə söz tapmırsan. Sadəcə təbəssüm edirsən. Əlbəttə, gələcəkdə xeyli səfərlər olacaq. Amma nə həmin təyyarə, nə həmin pilot, nə də həmin stüardessalarla. 
 Pilləkənləri düşəndə dərk edirsən: lap istəyirsən dünyanın o başına get, hər səfərin bir sonu var. Daim özünü göyün yeddinci qatında hiss edə bilməzsən. Bu, sadəcə mümkün deyil...

P.S: Ötən günlərdə həmkarlardan biri ilə söhbətləşirdik, bir misal çəkdi və bu essenin yazılması üçün, bəlkə, özünün də xəbəri olmadan mənə ideya verdi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu