Tarixə yazılacaq: “Xarıbülbül” Cıdır düzünə qayıdır

“Xarıbülbül” Cıdır düzünə qayıdır


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.  
Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki «Xarıbülbül» musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür. 

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq. 

Mövzu haqda “Şərq”ə danışan Xalq artisti Mənsum İbrahimov illərdir  bu günü  gözlədiyini söyləyib:

“Artıq qərar verildi. Yaxın zamanda həmin musiqi festivalında iştirak edəcəyik. Otuz iki ildən sonra “Cıdır” düzündə “Xarıbülbül” festivalı keçiriləcək. Bu, tarixə yazılası işdir. Şuşamızın, Qarabağımızın azad olunması kimi “Xarıbülbül” festivalının keçirilməsi də çox önəmlidir. Mənfur qonşularımıza, vandallara torpağın əsl  sahiblərinin qayıtdığını deməkdir. Cənab prezidentimizin dediyi kimi, Azərbaycan xalqı Qarabağda ömürlük və əbədi yaşayacaqdır. Biz o yerləri  yenidən dirçəldib, bərpa edəcəyik və əvvəlki şöhrətini özünə qaytaracağıq. Fikrimcə, bu, tarixi hadisədir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu