Təxribat cəhdləri:“Qarabağda lokal hərbi əməliyyatlar keçirilməlidir” 


“Xankəndidə yerləşən qondarma rejim Xocavəndin Qırmızı Bazar qəsəbəsində ermənilər üçün 100 evdən ibarət  mikrorayonun təməlini qoyur”

“Müxtəlif tədbirlər keçirir və öz mövcudluğunu davam etdirməyə çalışır” 


“Rusiya sülhməramlılarının mayın 9-da öz dislokasiya yerlərindən kənarda, məhz Xankəndidə hərbi keçid tipli tədbir keçirilməsinin planlaşdırmaları təxribat kimi qiymətləndirilməlidir. Sözügedən tədbir açıq-aşkar işğalçılıq aktı kimi qəbul olunmalı və müvafiq addımlar atılmalıdır”.
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professor, siyasi elmləri doktoru Sabir Məmmədli deyib.
 O, “Sherg.az”a açıqlamasında vəziyyətin nə qədər ciddi olduğunu konkret faktlarla izah etdi: 



“Rusiya hərbçilərinin Xankəndi və ətraf ərazilərdəki fəaliyyəti açıq-aydın təcavüzdür.  Bölgədə Azərbaycanın suveren hüquqlarının təmin olunmasının yeganə şərti bu ərazidə qardaş Türkiyənin silahlı qüvvələrinin yerləşdirilməsi və tamhüquqlu statusla  proseslərdə iştirak etməsidir.  Bu müstəvidə  doğma Türkiyənin region problemlərinin həllində ədalətli mövqe sərgiləməsini alqışlayır,  ABŞ prezidenti Co Baydenin tarixi gerçəkliyi saxtalaşdıran uydurma soyqırım bəyanatını isə qətiyyətlə pisləyirəm.

Yuxarı Qarabağda cərəyan edən hadisələrə Azərbaycana qarşı təzyiq vasitəsi və regiona müdaxilə aləti kimi baxan ermənipərəst qüvvələr müxtəlif diplomatik addımlarla, o cümlədən ATƏT-in Minsk qrupunu dirçəltməklə, Fransa senatına müzakirə üçün “qondarma Artsaxın” tanınmasına dair sənəd təqdim etməklə, ABŞ-ın Aydaho ştatının Xankəndi və ətraf ərazilərdə yerləşən ermənilərin “müstəqilliyinin” tanınması ilə öz absurd xəyallarından əl çəkmirlər. Beləliklə, ölkəmiz qarşısında problemlər yaratmağa çalışırlar”. 

Professor, həmçinin bildirdi ki, rəsmi Bakı azadlıq mübarizəsini sona çatdırmalıdır:

 “Bunun davamı olaraq Xankəndidə yerləşən qondarma rejim Xocavəndin Qırmızı Bazar qəsəbəsində ermənilər üçün 100 evdən ibarət  mikrorayonun təməlini qoyur, müxtəlif tədbirlər keçirir və öz mövcudluğunu davam etdirməyə çalışır. Azərbaycan hökuməti düşmənin bu addımlarının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidir. Bunun üçün lazım gələrsə, lokal hərbi əməliyyatlar keçirilməlidir. Mən Azərbaycan əsgər və zabitlərinin Vətəni qorumaq missiyasını yüksək qimətləndirərək şəhid və qazilərimizi xalqımızın şərəf, qürur mənbəyi hesab edirəm. Şəhidə dil uzatmaq xalqımızın ruhuna yad olmaqla yanaşı, hüquqi məsuliyyət yaradan hal kimi qiymətləndirilməli və Cinayət Məcəlləsi ilə cəzalandırılmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu