Qarabağda yayıma başlayan “CBC FM”in direktoru: "Bir neçə dildə operativ və dəqiq xəbərlər..."

"Sherg.az" Qarabağda ilk regional radio kanal - “CBC FM” yayıma başlaması ilə əlaqədar CBC telekanalının direktoru Vüqar Xəlilovun müsahibəsini təqdim edir.

-Mayın 8-də CBC FM Qarabağda radio yayıma başlayıb. Müsabiqə çərçivəsində 102.7 MHs işçi tezliyində fəaliyyət göstərmək üçün Milli Televiziya və Radio Şurasına sənədlərini 7 namizəd təqdim etmişdi. Qalib “CaspianInternational Broadcasting Company” MMC seçildi. CBC-nin üstünlüyü nədədir?

-Milli Televiziya və Radio Şurasının 7 aprel tarixində keçirilən iclasında Qarabağda ilk regional radiokanalının açılması ilə bağlı müsabiqənin nəticələri açıqlandı. Bu fəxri missiya  “Caspian International Broadcasting Company” MMC-yə həvalə edildi. İlk növbədə, əlbəttə, qalibin seçimində müxtəlif dillərdə yayımimkanlarına malik olan namizədə üstünlük verilib.

Bildiyiniz kimi, CBC TV Azərbaycanın ilk və yeganə beynəlxalq televiziya kanalıdır. Biz fasiləsiz olaraq rus dilində yayımlanırıq və Rusiyanın Avropa hissəsindən Hindustan yarımadasınadək, Balkanlardan Çinin şərq sərhədlərinədək geniş auditoriyanı əhatə edirik. Bundan əlavə, telekanalın Azərbaycan, ingilis və erməni dillərində yayım təcrübəsi var. CBC TV-nin əsas auditoriyası MDB və Avropa İttifaqı ölkələri sakinləridir. Əlbəttə, maddi-texniki imkanlar da nəzərə alınıb, amma əsas məsələ - peşakar kadr potensialıdır. Bütün bunlar həlledici rol oynayıb.  
 
-CBC FM-in qarşısında dayanan əsas məqsədlər və vəzifələr... 

-Bu gün yüksək texnologiyalar, sürətli internet və çox sayda sosial şəbəkələrin olduğu vaxtda auditoriyanın rəğbətini qazanmaq çox çətindir. Bizi maraqlandıran istənilən informasiyanı smartfondan izləmək mümkündür. Və, kədərli səslənsə də, televiziya və radio, qəzet və jurnallar kimi yerini internet platformalara verərək, tədricən keçmişdə qalacaq. Bu, tamaşaçı, dinləyici və oxuculara nəyi, harada və nə vaxt izləmək, dinləmək və oxumaq baradə seçim etməyə imkan yaradır. Hədəf auditoriyasını itirməmək, əksinə genişləndirmək üçün, daima zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır.

-Bu, ölkəmizin dünya ictimaiyyətinə inteqrasiyası, bütün ölkələrlə bərabərhüquqlu, dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinə yönələn xarici siyasət kursudur.

-Bundan əlavə, Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəniyyət və idman sahələrində qazandığı uğurlardan danışmaq lazımdır. Heç kəsə sirr deyil ki, Azərbaycan–müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır. Azərbaycan enerji və nəqliyyat sahələrində həyata keçirilən böyük layıhələrin təşəbbüskarı, təşkilatçısı və iştirakçısıdır.

-Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və bu qitəni Asiya ilə birləşdirməkdə mühüm rol oynayır. Və, əlbəttə, Azərbaycan böyük tarixə və mədəniyyətə malik, qədim memarlıq üslubu ilə müasir tikililərin ahənglik təşkil etdiyi bir ölkədir.

-Paytaxt və regionlar günbəgün inkişaf edir, gözəlləşir. Ölkədə abadlıq işləri davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri aparılır. Buna görə, qarşıda duran məsələlər çoxşaxəli və çətindir. Amma mümkünsüz deyil!

-Yayımda nə olacaq? CBC FM dinləyicilərinə nə təqdim edəcək?

-Hər saatın əvvəli xəbərlər buraxılışı olacaq, özü də bir neçə dildə. Cəmi 8 buraxılış. Və, əlbəttə, öncə qeyd etdiyim kimi, Azərbaycan haqqında verilişlər, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri, adət və ənənələri ilə bağlı layihələr dinləyicilərimizə təqdim olunacaq. Bundan əlavə CBC telekanalının verilişləri, musiqi və audiokitablar də yayımlanacaq. Radioefiri internet üzərindəndə dinləmək mümkün olacaq. Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacayıq.
   
-Hər bir medialayihə müəyyənauditoriyaya hesablanır. СВС FM-in hədəf auditoriyası kimlər daxildir?

-Bu suala indi cavab vermək çətindir. Biz həm gənclərin, həm də yaşlı nəslin zövqünə uyğun olmaq istəyirik. Radionu hamı dinləyir, xüsusilə nəqliyyat vasitələrində. Buna görə, fikrimcə, operativ xəbərləri dinləmək hər kəs üçün maraqlı olacaq. Gənclər musiqiyə, yaşlı nəsil isə maarifləndirici verilişlərə üstünlük verir. Məqsədimiz – bütün yaş qruplarını və sosial kateqoriyaları əhatə etmək. Əminəm ki, tezliklə СВС FM dinləyicilərin sevimli və populyar radiokanalına çevriləcək.
 
-CBC-nin təcrübəsi və isçilərinin peşəkarlığı haqqında xəbərimiz var, amma televiziya və radionun yayım xüsusiyyətləri fərqlidir. Buna görə, əlavə qüvvə cəlb olunacaqmı?  

-Bu gün CBC telekanalında yüksək dərəcəli peşəkarlar çalışır. əməkdaşlarımızın çoxu yerli və xarici televiziya və radiolarda fəaliyyət göstərib. СВС həmçinin gənc jurnalistlər üçün imkanlar yaradır. İl ərzində CBC televiziyasında aparıcı ali təhsil məktəbləri və Azərbaycanda fəaliyyət göstərən xarici universitet filiallarının tələbələri təcrübə keçirlər. Onların arasında tələblərimizə cavab verənlər CBC-də işlə təmin oluna bilərlər. Həmçinin, biz yerli və xarici həmkarlarla əməkdaşlığa açığıq. Fikrimcə, təcrübə mübadiləsi hər birimizə faydalı ola bilər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu