“Xankəndidəki keçiddə bizim də bölmə iştirak etsin, əks halda...”

“Ruslar Azərbaycanın iştirakını təmin etmirlərsə, onda tədbir Gümrüdə, 102-ci hərbi bazada keçirilsin”

“Xankəndi ilə Gümrü arasında cəmi bir neçə saatlıq yol var”


Sabah Xankəndidə Rusiya hərbçilərinin hərbi keçidi baş tutacaq. 9 may- faşizm üzərində qələbə günü münasibətilə keçirilən tədbirə münasibət birmənalı deyil. Haqlı sual yaranır: Azərbaycan torpaqlarında Azərbaycanın iştirakı olmadan niyə tədbir keçirilməlidir?! Başqa bir qaranlıq məqam isə Rusiya xarici işlər naziri Sergey Lavrovun keçiddən dərhal sonra Bakıya səfəridir. Bu, təsadüfdürmü?
Hərbi ekspert Ədalət Verdiyev keçidlə bağlı “Sherg.az”a danışdı: 


“Yəqin ki, keçiriləcək. Lakin bunun “parad” adlandırılması düzgün deyil. Çünki paradın hava, dəniz və yerüstü komponentləri var. Xankəndidə isə sadəcə silahlı hərbçilərin təntənəli keçidi baş tutacaq. Ağır artilleriya, aviasiya vasitələri isə olmayacaq. Xankəndidə bizim iştirakımız olmadan tədbirin keçirilməsi maraqlarımıza uyğun deyil.

Əgər zərurət varsa, onda rəsmi Bakı da keçiddə təmsil olunmalıdır. Məsələn, Şuşanı azad edən elit bölmələrdən birinin keçiddə iştirakı məqsədəuyğundur.

Və ya İkinci Dünya müharibəsində iştirak edən generallarımızdan birinin, məsələn, Həzi Aslanovun ailə üzvlərinin tədbirdə olması arzuediləndir. Ruslar Azərbaycanın iştirakını təmin etmirlərsə, onda tədbir Gümrüdə, 102-ci hərbi bazada keçirilsin. Xankəndi ilə Gümrü arasında cəmi bir neçə saatlıq yol var”.

Ə.Verdiyevin sözlərinə görə, Lavrovun səfərinin keçidlə əlaqəsi yoxdur: 

“Rusiyalı nazir bir neçə gün əvvəl Ermənistanda olmuşdu. İndi də balansı qorumaq, sülhməramlılığını göstərmək məqsədilə Azərbaycana gəlməlidir. Keçiddən sonra gəlməsi müəyyən mənada həmin proseslə bağlı suallardan yayınması üçündür.

Lakin məsələ bununla bitmir. Qaranlıq məqamlar heç də az deyil.

Məsələn, sülhməramlılar Qarabağa girdikdən sonra niyə ermənilərin çıxarılmadığı, “İskəndər- M” raketinin necə düşmən ölkənin əlinə keçməsi, minalı ərazilərin xəritəsinin verilməsi kimi tezislərin görüş zamanı müzakirə ediləcəyini düşünürəm.”

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu