Ənənəvi tədrisin bərpasına etiraz:Aktiv xəstə hələ də çoxdur” 


Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək. Həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək. Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq. Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. Xüsusi məktəblərin ibtidai və ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani keçiriləcək.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

 Təhsil eksperti Elçin Əfəndi sözügedən qərarı “Sherg.az”a qiymətləndirdi:

“Bu, yekun qiymətləndirməni ənənəvi formada aparılması üçün verilən qərardır. Çünki tədris ilinin birinci yarısının yekun qiymətləndirilməsində qeyri-obyektivlik müşahidə olundu. Şagirdlərin əvəzinə, demək olar, valideynlər qiymət aldılar. Hətta bəzi müəllimlər bu cür qiymətləndirmə metodunun daha çətin olduğunu dedilər. Amma birinci yarımildə qiymətlərin formal yazıldığını nəzərə alsaq, məncə, bu dəfə də belə etmək olardı. Aktiv xəstə sayının azalması bizi arxayın salmamalı idi. İkinci bir tərəfdən isə tədris formasının tez-tez dəyişməsi həm müəllimlər, həm təhsil alanlar üçün psixoloji təsirdir. Biz bunun əks- effektini bir neçə il sonra- gələcək imtahanlarda görəcəyik. Bir sözlə, yanaşma doğru deyildi. Hər halda gündəlik yoluxma 1000 ətrafındadır və aktiv xəstə hələ də çoxdur”.

Ekspert, həmçinin bildirdi ki, sentyabrdan etibarən ənənəvi təhsilə qayıtmaq mümkündür: 

“Müəllimlərin təxminən 70 faizi artıq vaksin olunub. Bu proses davam edir. Həmçinin 18 yaşdan yuxarı gənclər də könüllü olaraq peyvəndə cəlb olunurlar. Fikrimcə, sentyabradək təxminən 4 milyon insan vaksin olunacaq. Beləliklə, başqa məqam və kriteriyalar üzə çıxmasa, ənənəvi təhsilə qayıtmaqdan ötrü əngəl qalmayacaq. Əlbəttə, müəyyən kateqoriyalara aid şəxslər üçün yenə də distant təhsili saxlamaq olar. Lakin məsafədən tədrisin belə kütləvi olması cəmiyyətin savadsızlaşmasına aparır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu