Hərbi hissədə intihar: “Zabitlər məsuliyyət daşıyırlar”


Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib. Bu barədə DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.


Şəhidlik başa düşüləndir, amma əsgər niyə hərbi xidmətini yerinə yetirən zaman intihar etməlidir ki? Bax, bunu anlamaq çox çətindir.


 “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev bu barədə “Sherg.az”a açıqlamasında bildirib ki, komandirlər oxşar hadisələrə qarşı diqqətli olmalıdırlar: 

“Ola bilsin, deyəcəklər ki, əsgərin psixoloji durumu yerində deyildi. Lakin psixoloji vəziyyəti normal olmayan gənci niyə hərbi xidmətə çağırırlar? Dava-dalaşlara rast gəlinsə də, çoxdandır hərbi hissələrdə ölüm olmurdu. İndi intihar baş veribsə, deməli, ciddi problem var. Məsələ ondan ibarətdir ki, hərbi hissəyə kənardan kimisə-nə valideyni, nə də dost-tanışı buraxmırlar.

Ona görə komandirlər əsgərlərin psixoloji durumlarını daim nəzarətdə saxlamalı, onları lazımi hallarda hansısa cəhdlərdən çəkindirməlidirlər. Məsələn, əsgər evindən bəd xəbər ala bilər.

Ancaq yüksək rütbəli zabitlər bunu duymalı, bilməlidirlər. Çünki hərbi xidmət dövründə əsgərlərin valideynləri onların komandirləridirlər. Belə hadisələrin baş verməsi yolverilməzdir. Konkret hərbi hissə komandirindən tutmuş bölük komandirinədək bütün zabitlər məsuliyyət daşıyırlar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu