Lavrovun Bakı səfəri: "Bu, üçtərəfli bəyanatın icrası ilə bağlıdır” - Format dəyişib!

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinə sayılı günlər qalıb. Mayın 10-da baş tutacaq səfərin təfərrüatı ölkəmizin, həmçinin bölgədəki durumla yaxından maraqlanan müxtəlif ölkələrin diqqətindədir.
Siyasi şərhçilərin fikrincə, rusiyalı nazirin ölkəmizə səfəri zamanı Qarabağ məsələsi ətrafında geniş müzakirələr aparılacaq. Bu baxımdan Rusiya XİN başçısının paytaxtımıza gəlişi müxtəlif detallarla yadda qala bilər. Bəs, Azərbaycan tərəfi Lavrovun qarşısına hansı məsələləri qoymalıdır?

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Lavrovun Bakı səfəri ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb. Parlamentari düşünür ki, onun Azərbaycana gəlməsi ölkəmiz üçün vacib və əhəmiyyətlidir:

“Rusiyanın müharibədən sonra regionda rolu, nüfuzu və aktivliyi göz qabağındadır. Səfər də məhz buna dəlalət edir. Hesab edirəm ki, Lavrovun bir neçə gün əvvəl İrəvana getməsi, mayın 10-da isə Bakıya gəlməsi üçtərəfli bəyanatın icrası ilə birbaşa bağlıdır. Təbii ki, üçtərəfli bəyanatın imzalanması ilə bağlı Ermənistanda bəzi qüvvələr revanşist ideyalarını ortaya qoymaq niyyətindədirlər.

Bir neçə gün öncə Lavrovun İrəvanda olarkən Ermənistana “münaqişəni siyasiləşdirməyin” mesajı ondan xəbər verrir ki, prosesləri siyasiləşdirmək istəyirlər. Azərbaycan imzaladığı üçtərəfli bəyanatın yerinə yetirilməsində israrlıdır, hansısa bəndi pozmur. Əksinə tərəfləri bəndlərə əməl etməyə çağırır. Ona görə də səfər zamanı ilk öncə  bu məsələlər müzakirə olunacaq.

İkinci məqam Rusiya-Azərbaycan münasibətlərinin ümumi şəkildə müzakirəsidir. Çünki strateji əhəmiyyət kəsb edən məsələlər inkişaf mərhələsini yaşayır. Bunların da həm Azərbaycan, həm Rusiyaya faydası var.

Üçüncü məqam isə regional əməkdaşlıqla bağlıdır. Cənab Prezidentin təklif etdiyi, israrla, iradə və məntiqlə həyata keçirdiyi siyasət əsasında regionda olan ölkələrin bir-biri ilə əlaqələrinin bərpası və genişlənməsi gündəmdədir. Məsələn, 6-lıq platforması da müzakirə olunmaqdadır. Yəni Azərbaycan, Gürcüstan, Ermənistan, İran,Türkiyə və Rusiya münasibətləri”.

S.Seyidov vurğulayıb ki, səfər zamanı Lavrovun qarşısına qoyulmalı olan digər ciddi məsələ beynəlxalq səviyyədə müstəqil siyasət aparan dövlətlərə qarşı təzyiqlərdir:

“Bu günlərdə bir neçə mətbu orqanlara fikirlərimizi söyləyərək cənab Prezidentin BBC-yə müsahibəsi haqqında danışdıq. Konkret olaraq ikili standartlarla bağlı məsələni müzakirə edirdik.

Çünki Qərb dünyasında ikili və  fərqli siyasət yürüdülür. Həmçinin ali dəyərlərdən istifadə edərək müstəqillik əldə etmiş, ən əsası isə müstəqil siyasət aparan dövlətlərə qarşı təzyiq göstərmə vasitəsindən istifadə edirlər. Ona görə də istisna etmirəm ki, müstəqil siyasət aparan ölkələr müzakirə obyektinə çevrilə bilər.

Təbii ki, Azərbaycanla Rusiya arasında başqa məsələlər də müzakirə olunacaq. Əminəm ki, bura humanitar, iqtisadi və hərbi mövzular daxildir. 44 günlük müharibədən sonra Azərbaycanın gücü çox artdığı üçün və regionun siyasətini müəyyən edən aparıcı dövlətə çevriləndən sonra Rusiya ölkəmizlə əlaqə qurmaqda maraqlıdır. Əvvəllər hansısa formada Azərbaycana gəlib ölkəmizdə söhbət aparırdılar, sonra isə İrəvana gedib müzakirəni davam etdirirdilər. İndi isə format dəyişib.

Çünki son məkan və fikirlərin tam müəyyənləşməsi, istiqamətin təsbiti Bakı şəhəridir. Bu baxımdan Lavrovun səfəri çox vacib və əhəmiyyətli məsələlərlə yadda qalacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu