Çimərliklərin açılması ilə bağlı tələsmək lazım deyil - Professor 

"Çünki Hindistan ştammının necə vəziyyət və davranış sərgiləyəcəyini bilmirik"

 Qarşıdan çimərlik mövsümü gəlir və bu yay çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, keçən il yay aylarında nəinki ölkəmiz, bütün dünya qarşılaşdığı bu problemin yarada biləcəyi fəsadların həcmi haqqında heç bir fikrə sahib deyildi:

“Heç bir ölkənin bu problemlə mübarizədə istifadə edəcəyi resurslar haqqında ətraflı məlumatı olmadığı üçün, əksər ölkələr, eləcə də Azərbaycanda sərt karantin rejimi tətbiq olundu və məhdudiyyətlər sırasına çimərliklərin də qapanması daxil idi. Əlbəttə, nəzərə almaq lazımdır ki, məhz o məhdudiyyətlər sayəsində hökumət və qurumlar hazırlıq işlərini görmək və gələcəkdə ola biləcək böyük dalğalar qarşısında önləyici tədbirlər almaq üçün imkanlar qazandı. Amma bu il yay ayları yaxınlaşdıqca dünya səhiyyə ekspertləri tərəfindən də proqnozlaşdırılan odur ki, epidemioloji vəziyyətin sabit qaldığı ölkələrdə çimərliklərə qadağa qoyulmasına ehtiyac qalmayacaq. Digər tərəfdən bir çox təsirdən bu virusun qısa müddət içərisində yox olduğunu göstərən tədqiqatlar var. Bu təsirlər içərisində duzlu suyun, eləcə də istiliyin virusun yayılmasını artırmadığı, hətta azaltdığı ehtimal olunur. Bütün bunları nəzərə alan hökumətlər, eləcə də ölkəmizin aidiyyəti qurumları yəqin ki, yay aylarında, epidemioloji vəziyyət imkan verdiyi müddətcə çimərliklərin açılmasına qərar verə bilər. Cəmiyyətin də verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməsi vacib şərtlərdən biridir”.

Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq" açıqlamasında bildirib ki, ümumiyyətlə, qərarlar verərkən bir az ehtiyatlı davranmaq şərtdi. Çünki Hindistan ştammının gələcəkdə necə vəziyyət sərgiləyəcəyini bilmirik:

"Təbii ki, ölkəmizdə çimərliklərin açılması və müəyyən yumşaldılmalara gedilməsi ilə bağlı diskusiyalar gedə bilər. Amma biz bu məsələlərdə çox ehtiyatlı olmalıyıq. Yəni söhbət yalnız çimərlikdən getmir. Söhbət ondan gedir ki, təmaslar mümkün qədər məhdudlaşdırılmalıdır. Çünki Hindistan ştammının necə vəziyyət və davranış sərgiləyəcəyini bilmirik. Yəni bu Hindistan ştammı geniş yayılacaq, ya lokallaşacaq. Buna görə də bir müddət səbr edib, baxmaq lazımdır. Çünki dördüncü dalğa başlaya bilər. Əgər bu başlasa, bizim üçün çox çətin olacaq. Ona görə də buna bir az tələsməmək lazımdır".


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu