Ermənistan cəmiyyətində böyük əksəriyyət sülh istəyir


"Ümid edirik ki, erməni cəmiyyəti bir daha beynəlxalq güclərin əlində oyuncaq olmayaraq, öz xalqının gələcək və rifahını fikirləşib hərəkət edəcək"

Ermənistan parlamentində çıxış edən hakim "Mənim addımım" fraksiyasının deputatı Viktor Enqibaryan ölkə ictimaiyyətinə müraciət edərək, onları Qarabağ məsələsini həmişəlik unutmağa çağırıb.

O bildirib ki, bundan sonra Qarabağ məsələsini geridə qoymaq lazımdır. "Cəmiyyətimiz Qarabağ məsələsinə çox həssas yanaşmamalıdır. Buna artıq son qoymalıdır”, - deyən Enqibaryan erməniləri "qorxulardan qurtulmağa” səsləyib.

Mövzuya münasibət bildirən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, erməni cəmiyyətində hər zaman belə fikirli insanlar olub. O qeyd edib ki, müharibədən sonra isə demək olar ki, eyni düşünənlər böyük çoxluq təşkil edir:


"Hesab etmək olar ki, bu, erməni cəmiyyətinin düşüncəsində keçmiş xülyaların reallıqların üzə çıxmasından sonra gerçəkliklə əvəz olunduğunun sübutudur. Həqiqətən də "Qarabağ məsələsinin geridə qoyulması" dedikdə, regionun gələcək inkişafına yönəlik fikirlərin nəzərdə tutulmasının düşünülməsini hesab etsək, bu fikir əsl normal düşüncənin məhsuludur. Təbii ki, bu, eyni zamanda, Azərbaycan cəmiyyətinin də istəyidir. Mehriban olmasaq da, ən azı iki qonşu ölkə kimi sülh şəraitində yaşamaq tərəflər üçün geniş üfüqlər açır və regionun gələcək inkişafına yönəlik çox böyük imkanlar yaradır".

A.Qasımov qeyd edib ki, erməni cəmiyyətində nəhayət ki, çoxluğun hər hansı səbəbdən olursa-olsun belə düşünməsi müsbət qarşılanmalıdır:

"Azərbaycan dövləti hər zaman qonşuları ilə dost və sülh şəraitində yaşamağı istəyən ölkədir və gələcəkdə də belə olacaq. Biz, müharibə edəndə də, ondan öncə də heç vaxt müharibənin gətirdiyi bəlaları istəmədiyimizi, problemi sülh ilə həll etmək istədiyimizi dəfələrlə vurğuladıq. Lakin erməni cəmiyyəti görünən odur ki, beyinləri xam xəyallarla doldurulmuş bir toplum kimi bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmadı. Minlərlə verilən canlı itki, milyardlarla maddi zərbə onları doğru yola gətirdi. Hələ də revanş fikirləri səslənsə də, bu, erməni cəmiyyətinin hesab edirəm ki, az bir əhəmiyyətsiz hissəsidir. Bu baxımdan, verilən bəyanat doğru və qəbul edilən bəyanatdır. Ümid edirik ki, erməni cəmiyyəti bir daha beynəlxalq güclərin əlində oyuncaq olmayaraq, öz xalqının gələcək və rifahını fikirləşib hərəkət edəcək".


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu