Ən pis ssenariyə də hazır olmalıyıq:“Bu beş ildə prosesləri...”

“Regionda baş verən proseslərin geopolitik analizini Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, beynəlxalq hüququ bərpa etməsi,  qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması və ən nəhayət, erməni üzərində qələbə çalması kimi ancaq bizi maraqlandıran məsələlər üzərindən aparsaq, sonda yanlış yerə gəlib çıxarıq. Bu, məhdud yanaşma olar və gələcək geosiyasi gedişlərimizi proqnozlaşdırmaqda bizi yanılda bilər”. 
 Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 
 O, “Sherg.az”a açıqlamasında söylədi ki, ən pis ssenariyə də hazırlıqlı olmalıyıq:

 “Hesab etməməliyik ki, yuxarıda sadalananlar geopolitik güclər üçün də vacib amildir və qəbul ediləndir. Beynəlxalq güclərin qarşılıqlı maraq dairələri uğrunda apardığı mübarizədə heç də həmişə bizim maraqlarımızın əhəmiyyət kəsb etmədiyi görünür. Belə olmasa idi problem uzun illər yerində durmazdı.

Bu baxımdan proseslərin hər zaman bizim lehimizə olacağı fikrinə şübhə ilə yanaşmalı və ən pis halı nəzərə alıb aktiv siyasət yürütməliyik. 

Strateji tərəfdaşımız qardaş Türkiyənin gələcək idarəçilərinin nə qədər proseslərdə bizə dəstək ola biləcəyi, bu dəstək zəif olacağı dövrdə tək qalacağımız güclər qarşısında necə davranacağımızı indidən hesablamalıyıq.

Biz hesab etməməliyik ki, proseslərin geri dönüşü yoxdur və olmayacaq.  Bunları nəzərə alıb, bu beş il içərisində bütün prosesləri yekunlaşdırmağa çalışmalıyıq. Region sülhün nəticələrini görməyincə hər an hər şey ola bilər. Çünki beynəlxalq güclər üçün müqəddəs heç nə yoxdur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu