Belarus Türkiyəyə yaxınlaşır:“Problemlərdən qurtulmaq istəyir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Belarus dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
Ölkə liderləri arasındakı söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı perspektivləri, həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son zamanlar Türkiyənin regionda aparıcı dövlətə çevrilməsi bəzi ölkələrin diqqət mərkəzindədir. Xüsusilə də Rusiyanın təsiri güclü olan dövlətlərin qardaş ölkəyə marağı var. 

Mövcud durumu “Sherg.az”a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, Belarusun Türkiyəyə maraq göstərməsi təbiidir.
Analitikin fikrincə, Belarus Rusiyanın əməkdaşlıq və müttəfiqlik etdiyi dövlətlərlə xoş münasibətlər saxlamağa çalışır ki, ölkəsinə dəyən ziyanın qarşısını ala bilsin:

“Belarus Qərbin sanksiyasına məruz qalan dövlətdir. Bu ölkənin Türkiyə bazarında fəal rol oynamaq istəyi var. Ən başlıca məsələ Belarus və Rusiyanın Türkiyə ilə iqtisadi əlaqələri genişləndirmək, sanksiyadan dəyən ziyanı yumuşaltmağa cəhd göstərməkdir. Rusiya və Belarus Azərbaycanla normal münasibətdə olduğu üçün Türkiyə ilə də eyni münasibəti saxlamağa çalışırlar".

S.Soltan qeyd edib ki, Belarusun Türkiyə ilə yaxınlaşması, iqtisadi əlaqələri genişləndirmək cəhdi Rusiya-Türkiyə və Azərbaycan-Türkiyə münasibətlərindən irəli gəlir:

“Bu ölkələr regional əməkdaşlığa üstünlük verirlər. Çünki regional əməkdaşlıq sayəsində üzləşdikləri bir sıra məhdudlaşdırıcı tədbirlərdən xilas olmağa çalışırlar. Türkiyə kimi iqtisadi potensialı olan ölkədən istifadə edərək iqtisadi problemlərindən qurtulmaq istəyirlər.
Türkiyənin Cənubi Qafqazda güclənməsi isə yeni məsələ deyil. Çünki qardaş ölkə Azərbaycan, Gürcüstan və Ermənistan üçün NATO-nun təmas dövlətidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu