Deputat: “Xarıbülbül festivalı göstərdi ki, tarixi ənənələrimizi də bərpa edirik”

"Şuşada uzun fasilədən sonra Xarıbülbül festivalı keçirilir. Biz tarixi torpaqlarımıza qayıtmaqla bu ərazilərə yeni nəfəs gətirdik. Festivalın açılış mərasimində ali baş komandanın da söylədiyi kimi, biz burada əbədi yaşayacağıq. Bu festival isə bizim üçün qayıdış və ləyaqət bayramıdır. Həqiqətən də bu gün Qarabağın bərpası tarixi torpaqlarımızda mənəvi dəyərlərimizin bərpası ilə paralel aparılır. Biz dəyərlərimizə, tarixi köklərimizə bağlı olduğumuzu bir daha sübut etdik".
Bu barədə "Sherg.az"a millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də bunu bir daha təsdiqlədi. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də milli sərvətimizdir:

"Şəhərin hər qarışında millilik var. Prezident İlham Əliyevin də söylədiyi kimi, Şuşa Azərbaycan ruhunu qoruyub saxlayıb. Şəhərin bütün abidələrini orijinal üslubda bərpa etməklə bir daha dünyaya mədəniyyət paytaxtımızın tarixən Azərbaycan torpağı olduğunu sübut etmiş olacağıq. Eyni zamanda gələn il şəhərin 270 illiyini qeyd edəcəyik. 3 əsrə yaxın yaşı olan Şuşa hər zaman Azərbaycana məxsus olub. Təsadüfi deyil ki, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından da su məhz azərbaycanlılar bu əraziyə qayıtdıqdan sonra gəldi. Artıq bu bulaqlar heç zaman qurumayacaq. Şuşanın hər qarışı canlanacaq. Bu torpaqların həqiqi sahibləri bunu təmin edəcək. Şuşa şəhərində yeni məscidin təməli də qoyuldu. Yeni məscid 8 noyabr - Zəfər Günü tarixini də özündə əks etdirəcək. Bir sözlə, Şuşanın hər qarışında böyük Qələbəmizin izini, rəmzini görəcəyik.

Şuşada uzun fasilədən sonra keçirilən Xarıbülbül musiqi festivalının bizə böyük qələbəni canları və qanları ilə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunması hər birimizi qürurlandırdı. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Şuşa başda olmaqla tarixi torpaqlarımız azaddır. Biz bu azadlığa illər boyu bütün cəbhələrdə apardığımız uğurlu siyasət nəticəsində nail olduq. Bu illər ərzində bir addım da olsun öz prinsipial mövqeyimizdın geri çəkilmədik.

Dünyanın bütün nüfuzlu platformalarında Azərbaycan Prezidenti ərazi bütövlüyü məsələsini qabardır, münaqişınin ədalətli həllini tələb edirdi. Bununla paralel olaraq, ədalətin bərpasını təmin etmək üçün hüquqi baza da yaradılır, hərbi potensialımız ilbəil gücləndirilirdi. Yəni, Qarabağ məsələsi hər zaman Azərbaycanda xarici siyasətin prioriteti olub".

K. Nurullayeva onu da diqqətə çatdırıb ki, 44 günlük Vətən Müharibəsində dəmir yumruqla düşməni yerində oturdan Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi:

"İndi Qarabağda 30 illik işğaldan sonra dayanıqlı sülhün təmin olunması üçün tarixi imkan yaranıb. Bu imkanı Azərbaycan yaradıb. Bu region məhz Azərbaycanın iradəsi sayəsində əməkdaşlıq platformasına çevriləcək. Şuşada bizim bütün ənənələrimiz bərpa olunmaqla yanaşı, həm də burada müxtəlif mədəniyyətlərin dialoqu təşkil olunacaq. Xarıbülbül festivalı ilə artıq bu ənənənin təməli qoyuldu.

İki gün ərzində Azərbaycanın mədəniyyət paytaxtından dünyaya sülh mesajları ötürülür. Müxtəlif xalqların musiqi nümunələrinin təqdimatı həm də Azərbaycanın tolerant və multikultural ölkə olduğunu göstərir. Biz Şuşaya və ümumilikdə Qarabağa qayıtmaqla bölgəyə rifah gətiririk. Bu gün Şuşadan, Cıdır düzündən yayılan musiqi sədaları bir daha göstərir ki, ölkələr belə inkişaf etməlidir. Dövlət başçımızın da söylədiyi kimi, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik və sülh olur. Azərbaycan  isə bu sülhün qarantı rolunda çıxış edir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu