İsrail-Fələstin gərginliyinə Bakıdan BAXIŞ: “Bəyanatla kifayətlənməliyik"

Xəbər verdiyimiz kimi, İsrail-Fələstin arasında gərginlik davam etməkdədir. Ötən gecə İsrail ordusu HƏMAS-a məxsus strateji əhəmiyyətli binalara zərbələr endirib.
İsrail ordusunun “Twitter” hesabında edilən paylaşımda zərbə endirilən obyektlər arasında həmçinin qruplaşmaya məxsus bankın da olduğu vurğulanıb.
İki dövlət arasında artan gərginlik Azərbaycan üçün çətin vəziyyət yaradıb. Azərbaycan İslam dünyasının tərkib hissəsi kimi Fələstinin müstəqilliyini dəstəkləyir. Bunu Azərbaycanın imzaladığı müxtəlif beynəlxalq sənədlər də göstərir. Ancaq Azərbaycanın İsraillə də sıx əlaqələri var.
Azərbaycanın İsrail və Fələsətin arasındakı mövqeyi necə olmalıdır?

Sualımızı cavablandıran politoloq Rusif Məmmədsoy "Sherg.az"a açıqlamasına görə, İsrail və Fələstin arasında gərginlik pik həddədir:


"Digər dövlətlərin də məsələyə qarışmasına baxmayaraq hər iki tərəf, hətta digər qruplaşmaların da daxil olduğu bu məsələ sonlanmaq istəmir. 
Qüdslə başlayan bu proseslərin davamının olacağı şübhəsizdir. Lakin bu heç bir tərəfə xeyir verməyəcək. Azərbaycanın mövqeyinə gəlincə, bir məsələni xatırladım: Donald Trampın dövründə Birləşmiş Ştatlar Qüdsdə səfirlik alacaqlarını dedi. Azərbaycan da bu məsələdə olduqca praqmatik davrandı və bunu qınadı. Çünki özümüz də separatizmlə mübarizə aparmışıq. Hərçənd İsrail bizim ən yaxın tərəfdaşlarımızdan biri olmasına baxmayaraq belə də etməli idik.  İsrail də bunu başa düşür və bütün bunlar bizim münasibətlərimizə təsir göstərmir. İndi də eyni qaydada hərəkət etməliyik. 
Cavabımız bəyanatdan o tərəfə keçməməlidir. Digər tərəfdən müttəfiqimiz Türkiyənin də mövqeyini nəzərə almalıyıq".

Analitik qeyd edib ki, İslam ölkələrində Türkiyə xilaskar rolunda çıxış edir və buna haqqı da var:

"Biz isə daha çox balansı qorumaqla kifayətlənməliyik. Ölkəmizdə də bu məsələyə münasibət birmənalı deyil. Bir tərəf İsraili qınayır, digər tərəf isə Fələstini. Bizlər 44 günlük savaşda kimlərin bizim yanımızda olmasını çox gözəl bilirik. ASALA terror təşkilatının fələstinli şəxslərin iştirakı ilə qurulduğunu da gözəl bilirik. Lakin heç bir halda uşaqların ölümünə, günahsız insanların ölümünə səssiz qala bilmərik. Bu mənada atacağımız addımlar beyanatdan o tərəfə keçməməlidir. Bir məsələni də nəzərdə saxlayaq ki, bu proseslər məhz İsrail və Türkiyə münasibətlərində normallaşmanın olmasına vaxtına təsadüf etdi".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu