Şuşa radio və televiziyası açılsın: "Rus, ingilis və ermənicə yayınlar..."

"Möhtəşəm mədəniyyət festifalı-Əla! Gövhər Ağa məscidində bayram namazı- Əla! Bəs sonra? Fikrimcə, festifallardan, məscidlərdən başqa Şuşanın fərqli bir tanıtımını da gerçəkləşdirməliyik".

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. 

Ekspert bildirib ki, ora daha çox səhiyyə turizmi üçün ən əlverişli məkan ola bilər: 

"İndidən bu məkanın səviyyəli və inandırıcı reklamını işə salmalıyıq. Fizulidə tikiləcək hava limanı buraya olduqca rahat və çevik gəliş gedişi təmin edəcək. Festifal da, məscid də daxili auditoriyamız üçün cəlbedicidir. Biz həm də xarici aləm üçün Şuşanı cəbedici duruma gətirməliyik. Yaxşı olar ki, Bakıdakı Dövlət Mədəniyyət və İncəsənət Akademiyası Şuşaya köçürülsün. Bina və yataqxana infrastrukturunu da yaxın zamanlar yaratmaq olar. Burada tələbə mühitinin yaranması həyatın qaynarlığı və yeniləşmə baxımından çox vacibdir". 

Parlament üzvü vurğulayıb ki, Şuşa radiosu və regional televiziyası açılmalıdır: 

"Buradan rusca, ingiliscə və ermənicə yayınlar gerçəkləşməlidir. Çünki buradan ermənilərə muğam və fişəng göndərməklə kifayətlənmək olmaz, informasiya da, vəd də, proqram da göndərmək vacibdir. "Şuşa" adı ilə müxtəlif idman növlərində komandaların yaradılması da düşünülməlidir. Bakıda il yarımdır qapalı meydançalara qadağa olduğuna görə açıq havada bir dənə də olsa basketbol meydançası tapa bilməmişik, heç olmazsa Şuşaya gələn insanlar üçün cəlbedici olsun deyə belə meydançaların yaradılması vacibdir. Anlayıram ki, yer problemi var, ancaq infrastruktur balansı yaratmadan bu şəhərin yetkin tablosunu təqdim etmək çətin olar. Ölkə prezidentinin və Mehriban xanımın bilavasitə tövsiyələri ilə Şuşada qısa müddətdə görülən işlər həqiqətən ürəkaçıcıdır. Yeni fikirlər, ideyalar da səsləndirilməlidir ki, faydalı olanlardan yararlanmaq mümkün olsun".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu