Tarixi zərurət! "Zəngəzur dəhlizinin açılması mütləq baş verəcək!”

“Zəngəzur dəhlizinin dünya və region üçün daşıdığı əhəmiyyətlə müqayisədə Ermənistan dövləti çox cılız və kiçik dövlətdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında  Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib. O vurğulayb ki, Azərbaycan dövlətinin başçısı dəfələrlə mütləq şəkildə Zəngəzur dəhlizinin açılacağını bildirib:

“Qeyd edim ki, yeri gələrsə Ermənistanı Zəngəzur dəhlizinin açılması ilə bağlı maraqlara qurban vermək belə bütün dövlətlərin mənafeyinə uyğundur. Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri başa çatdıqdan sonra bir neçə gün keçməsinə və hələ ki, rəsmi olaraq dolğun məlumatın yayılmamasına baxmayaraq Ermənistanla sərhəddə bir sıra insidentlərin baş verdiyi barədə məlumatlar yayılmaqdadır. Həmin insidentlər də işğal ərazisində deyil, Zəngəzurla bağlı əraziyə aiddir.

Xüsusən də Qaragöl ətrafında müxtəlif hadisələrin baş verdiyi bildirilir. Burda Azərbaycan hansı addımı atır? Yəni bir çoxları bunun mahiyyətini məzmununu bilmir.

Hər bir halda onu qeyd edim ki, ən son çıxışında Azərbaycan dövlətinin rəhbəri qeyd etdi ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına mane olsa belə, Azərbaycan bunu güc yolu ilə də olsa həyata keçirəcək. Ermənistanın heç bir halda şansı yoxdur ki, buna maneçilik törətsin. Yəni artıq ya könüllü, ya da ki, güc yolu ilə bu dəhliz reallaşacaq.

Fikrimcə, bu, məsələdə Azərbaycan Ermənistanın diqqətinə çatdırmaq istəyir ki, o, bəyanatdan irəli gələn tələblərə, xüsusilə də Azərbaycan-Ermənistan arasında demarkasiya və delimitasiya məsələlərinin həlli ilə bağlı prosesə dair üzərinə götürdüyü öhdəliklərə riayət etsin.

Əks halda hadisələrin gedişatı məğlub Ermənistan üçün daha ağır və acınacaqlı olacaq. Bu tələblərə və öhdəliklərə görə Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törətməmək üçün mütləq şəkildə özünün sərhəddə  xidmət edən hərbiçilərini geri çəkməli idi. Ancaq görünən odur ki, Ermənistan buna mane olmağa və mümkün qədər prosesi süni şəkildə uzatmağa çalışır”.

X.Bəşirov qeyd edib ki, bu gün Ermənistanın daxilində növbədən kənar 20 iyun tarixli parlament seçkilərində qalib gəlmək üçün ciddi siyasi mübarizə gedir:

“Paşinyan hakimiyyəti və ona müxalif olan Qarabağ klanının rəhbəri, xüsusilə də Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi cinayətkar klanını əsas maraqlandıran nə dəhliz, nə erməni xalqı, nə də ki, Azərbaycan-Ermənistan arasında olan münaqişədir. Onları maraqlandıran yalnız hakimiyyətə gəlməkdir.

Hakimiyyətə gəlmək uğrunda gedən mübarizədə onlar istənilən məsələdə hər bir addımı atmağa, hətta xalqın, dövlətin maraqlarına zidd olan yollara belə baş vurmağa hazırdırlar. Buna görə də, hesab edirəm ki, Paşinyan da geri addım atmaq istəmir. 20 iyun tarixinə qədər bu, prosesləri uzatmaq niyyətindədir.

Çünki, Zəngəzur dəhlizi ətrafında yaşayan əhalinin narazılığından Ermənistan müxalifəti öz maraqlarına uyğun istifadə etməkdədir. Hətta, Paşinyan həmin regiona səfəri zamanı orada ciddi etirazla da qarşılaşdı.

Bu kimi amillərdən də, Paşinyan hakimiyyətinə qarşı seçki öncəsi bir arqument kimi istifadə etməyə çalışanlar var. Hesab edirəm ki, 20 iyun seçkilərində Paşinyan qalib gələrsə imzaladığı Bəyanatın tələblərinə riayət etməkdən başqa yolu olmayacaq.

Hazırda Paşinyanı da əsas maraqlandıran məsələ seçkilərdir.  Ancaq hər bir halda, düşünürəm ki, müharibədən sonra regionda qalan bəzi problemlər olan minaların xəritələrinin Azərbaycana verilməsi, bizə aid bir neçə kəndin boşaldılması ilə yanaşı, Prezident İlham Əliyevin də vurğuladığı kimi, reallaşması artıq tarixi bir zərurətə çevrilən Zəngəzur dəhlizinin açılması da mütləq baş verəcəkdir!”

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu